“Mümkündür ki, Elnur Əliyev sabah başqa vəzifəyə təyin olunsun” - Açıqlama
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevi işdən azad edilib.
Xatırladaq ki, 3 gün öncə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirdiyi haqda məlumat yayılıb. Əməliyyat nəticəsində Elnur Əliyevin də istintaqa cəlb edildiyi bildirilib.
Elnur Əliyevin rəsmi qaydada saxlanıldığı bildirilməsə də, onun haqqında araşdırma aparıldığı məlumdur.
Maraqlıdır, Elnur Əliyev konkret maddə ilə ittiham olunmasa, digər dövlət qurumlarında vəzifə tuta biləcəkmi?
Ümumiyyətlə, dövlət başçısının vəzifədən azad etdiyi və qanun pozuntusuna yol verməkdə şübhəli bilinən şəxslər (qeyri-rəsmi qaydada–red.) sonradan dövlət strutukturlarında irəli çəkilə bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Əkrəm Həsənov Elnur Əliyevin qısa müddətdə başqa vəzifədə ola biləcəyini də vurğulayıb. Hüquqşünas şəxsin hansısa orqanda çalışa bilməməsi ilə bağlı yalnız məhkəmənin qərar verə biləcəyini qeyd edib:
“Elnur Əliyevin həbs olunması ilə bağlı hansısa rəsmi xəbər yoxdur. Sadəcə olaraq, prezident onu vəzifəsindən azad edib və bu da dövlət başçısının səlahiyyət çərçivəsindədir. Yəni prezident heç bir səbəb göstərmədən də onu vəzifəsindən azad edə bilər. Ümumilikdə qeyd edim ki, hər bir şəxsin dövlət orqanları da daxil olmaqla istədiyi yerdə çalışmaq hüququ var. Yalnız məhkəmə aktı ilə şəxslərə hansısa vəzifələri tutmaq qadağan edilə bilər. Məhkəmə aktı olmasa, hətta istənilən əmələ görə həbs cəzası almış şəxs də azadlığa çıxdıqdan sonra dövlət qurumlarında vəzifə tuta bilir. Lakin bizdə əksər hallarda məsuliyyətə cəlb olun nazir, dövlət işçilərinin bir qayda olaraq hökmündə hansısa vəzifəni tuta bilməyəcəkləri ilə bağlı qadağa görməmişəm. Hətta Səlim Müslümov 90-cı illərdə mühakimə olunmuşdu, lakin azadlıqda olduqdan sonra yenidən nazir təyin edildi”.
Ə.Həsənov Mədəniyyət Nazirliyinə ciddi korrupsiya faktının olmasının mümkünsüzlüyünü də vurğulayıb. Hüquqşünasın sözlərinə görə araşdırma aparılırsa, bu, çox çəkməyəcək.
“Ola bilsin ki, Elnur Əliyev barəsində araşdırma gedir. Bu müddətdə isə şəxsin həbs edilməsi vacib deyil. Sadəcə olaraq, şübhəlinin ölkədən çıxmasına qadağa qoyula bilər. Mümkündür ki, Elnur Əliyev sabah başqa vəzifəyə təyin olunsun. Burada heç bir məhdudiyyət yoxdur. Araşdırmanın müddəti bir neçə ay da, il də çəkə bilər. Son illərdə yerli icra hakimiyyəti başçıları ilə bağlı araşdırmalar çox qısa müddətdə yekunlaşmışdı. Düşünmürəm ki, Elnur Əliyev mütəşəkkil cinayətkardır və onun əməlinin araşdırması uzun zaman tələb etsin. Əgər ortada hansısa qanun pozuntusu varsa, araşdırma bir neçə ay ərzində yekunlaşacaq. Mədəniyyət Nazirliyində oğurlanası böyük bir şey yoxdur. Oradan oğurlanmalı şeyləri vaxtında oğurlayıblar, nazirlikdə elə bir şey qalmayıb”,-müsahibimiz bildirib.
Əzizə Zeynal