Məktəblərdə erməni dili tədris olunsun? – Təhsil ekpertindən AÇIQLAMA

Son zamanlar müzakirə edilən mövzulardan biri də erməni dilinin öyrənilməsidir. Əksəriyyətin fikrincə, Ermənistanda Azərbaycan dili öyrədildiyi kimi, ölkəmizdə də erməni dilini öyrədən mərkəzlər olmalı, bu dil məktəblərdə tədris olunmalıdır.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov deyib ki, düşmənin dilini bildikdən sonra mübarizə istər-istəməz asanlaşır:
“Mübarizə dedikdə isə həm hərbi münaqişələr, həm də media üzərindən informasiya müharibəsi nəzərdə tutulur. Yəni həm hərbçilər, həm də digər peşələrə yiyələnmiş şəxslər düşmənin dilini bilməklə ona qarşı mübarizəni daha da asanlaşdıra bilərlər. Bununla, düşməni bir növ onun dili ilə vurmaq mümkün olur. Əslində, dil bilgisini iki qismə ayırmaq mümkündür: Beynəlxalq dil statusuna sahib olan ingilis, alman, fransız dilləri və region dilləri. Erməni dilini isə kütləvi şəkildə öyrənmək lazım deyil. Onun tədrisi əsasən universitetlərdə, Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti akademiyalarındakı tələbələr üçün nəzərdə tutulmalıdır. Eyni zamanda, erməni dilini öyrənmək istəyənlər müstəqil qaydada seçim etməli, öyrənməlidirlər”.
Müsahibimiz qeyd edib ki, biz bu barədə hətta ermənilərdən üç il geri qalmışıq:
“Ermənilər üç il əvvəl Azərbaycan dili üzrə tədris vəsaiti hazırlayıb və hazırda həmin vəsait universitetlərdə tədris olunur. Azərbaycanda BDU və Slavyan universitetlərində erməni dili tədris edilir, bir neçə il əvvəl Xəzər universitetində də bu dildən dərs deyilib və tələbələrin dərsə olan marağını müşahidələrimdə görmüşəm. Hazırda mənbə üçün kitab lazımdır. Bu günə qədər Azərbaycanda erməni dili ilə bağlı tədris vəsaiti yazılmayıb, olanlar da ümumi kitablardır . İstər dövlətin təhlükəsizliyi baxımından, istərsə də tarix elminə yeni yanaşma baxımından erməni dilini bilmək lazımdır”.
Günay Rəsulqızı