Şagirdlərin məktəbdə zəhərlənməsinin səbəbi açıqlandı - YENİLƏNDİ
Gəncədə şəhər 3 nömrəli tam orta məktəbdə şagirdlər salatdan zəhərlənib.
Məktəbdən verilən məlumata görə, oktyabrın 7-də 6b sinfində texnologiya dərsində salat hazırlanıb.
"Həmin salatdan 5 nəfər şagird zəhərlənib. Hadisə dərhal valideynlərə bildirilib və həkimə müraciət edilib",- məktəbdən qeyd edilib.
Məlumata görə, salat üçün bütün məhsulları şagirdlər öz evlərindən gətiriblər.
***
13:49
Gəncə şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri arasında zəhərlənmə olub.
Sfera.az-ın verdiyi məlumata görə, məktəbin 6 şagirdi zəhərlənib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən faktı APA-ya təsdiqləyiblər.
TƏBİB-dən cavab olaraq bildirilib ki, 07.10.2022-ci il tarixdə saat 11:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə zəhərlənmə ilə 6 yeniyetmə daxil olub.
İlkin tibbi yardım göstərildikdən sonra onlardan 4-ü ambulator müalicə üçün evə buraxılıb. Hazırda iki nəfərin müalicəsinə tibb müəssisəsinin İntensiv terapiya şöbəsində davam edilir, vəziyyətləri orta stabildir.
Şagirdlər məktəbdə dərs zamanı özlərinin hazırladığı salatdan zəhərləniblər.
Zəhərlənən şagirdlər 2010-cu il təvəllüdlü Əlizadə Yusif Anar oğlu, Babayeva Ayşə Ramin qızı, Paşayeva Nuray Nicat qızı, 2011-ci il təvəllüdlü Bağırov Məhəmməd Mətləb oğlu, Heydərova Zeynəb Seymur qızı və Aslanova Aytac Samir qızıdır.






