Rusiyadan Azərbaycana qaçqın axını gözlənilir – Nə etməli?

Rusiyada qismən səfərbərlik elan edildikdən sonra 261 min kişi ölkəni tərk edib. "Novaya Gazeta"nın məlumatına görə, hazırda Rusiyada sərhədlərin bağlanması müzakirə edilir.
Sfera.az-ın məlumatına görə, bununla bağlı danışan politoloq Nazim Cəfərsoy deyib ki, Rusiyadan səfərbərlik səbəbi ilə Azərbaycana gəlmək istəyənlərlə bağlı diqqətli yanaşmaya ehtiyac var. Onun sözlərinə görə, dövlətimiz Rusiyadan gəlmək istəyən ikili vətəndaşlığı olan azərbaycanlılara lazımi inzibati və texniki imkanlar yaratmalıdır:
“Bu çərçivədə xüsusi ucuz reyslər təşkil etmək və ehtiyaca görə quru sərhədindən keçişlər üçün qapıları xüsusi formatda açmaq olar. Ancaq azərbaycanlı olmayan Rusiya vətəndaşlarının ölkəyə gəlməsinə imkan vermək həm qısa, həm də uzun vədədə çox ciddi iqtisadi-sosial, siyasi və təhlükəsizlik problemləri yaradacaq. Ən yaxşı nümunə kimi suriyalıların Türkiyəyə gəlməsinin yaratdığı problemləri göstərmək olar. Gürcüstana 500 min adam getdiyi deyilir, bizə də o qədər gələcəyini düşünsək, böyük risklər var.
Əvvəla, çoxtərəfli bahalaşma olacaq. İkincisi, bir müddət sonra yerli azərbaycanlılarla gələn rusiyalılar arasında sosial və məişət mahiyyətli gərginliklər baş verəcək. Erməni kəşfiyyatının da bu işlər üçün maraqlı olduğunu nəzərə almaq lazımdır. Digər tərəfdən, gələn adamlar içində başda erməni kəşfiyyatı olmaqla, hansısa xarici məxfi orqanlarla əməkdaşlıq edənlərin də ola biləcəyini, bunun ölkədə terror və diversiya hərəkətləri törətmə təhlükələrini də düşünməkdə fayda var. Bu cür adamlardan cəmi 100 nəfərin olması belə, ölkədə böyük milli təhlükəsizlik problemi yaratmağa bəs edər”.
Ekspert qeyd edib ki, sabah ölkədə Rusiya vətəndaşları ilə gərginliklər olanda bundan Rusiyadakı Azərbaycan əleydarı olan dairələr fəal istifadə edəcək və Kremlin siyasətimizə neqativ təsirlərə səbəb olacaq:
“O zaman Kremlindən "ölkənizdəki Rusiya vətəndaşlarına niyə yaxşı davranmırsınız?” motivli təzyiqlər gələndə təəccüblənməyin. Üstəlik, bizdən siyahı ilə əsgər qaçaqlarını tələb etsələr, daha ciddi problemlər yaranacaq - verməsən, Rusiya ilə gərginlik, versən, beynəlxalq qınaq və miqrantarla gərginlik qaçılmazdır. Həmçinin Ukrayna müharibəsinin nə qədər davam edəcəyini bilmirik. Rusiya vətəndaşlarının çox az bir hissəsi müxtəlif maneələr səbəbiylə başqa ölkələrə gedə bilər. Onsuz da Qərbə ənənəvi axına görə Avropada vəziyyət yaxşı deyil. Suriya və Ukraynadan da oraya milyonlarla miqrant gedib, böyük iqtisadi böhran gözlənilir. Bu şərtlərdə rusiyalıların çoxu Avropaya gedə bilməyəcək. Eyni zamanda onların xeyli hissəsi Rusiyaya qayıda bilməz, çünki ya müharibəyə apara bilərlər, ya da həbs olunmaq ehtimalı var. Nəticə etibarilə, onlar uzun müddət Azərbaycanda qala bilər. Bir müddət sonra bəziləri qeyri-rəsmi çalışaraq işsizlik səviyyəsini daha da artıracaqlar”.
Türkan