“Bəlkə biri əqli cəhətdən zəifdir, ya işıqları sönüb?” – MİDA-nın mənzil satışı tənqid edildi

“Əsas problem nə MİDA-nın fəaliyyətində, nə sistemin çökməsində, nə də hansısa kiber müdaxilədədir. Hər nə etsələr də, belə problemlər olacaq”.
Sfera.az bildirir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov MİDA-nın "Güzəştli mənzil" satışı ilə bağlı fikirlərini bölüşərkən deyib. O, qeyd edib ki, ən böyük yanlışlıq güzəştli mənzilləri əldə etmək üçün tətbiq edilən mexanizmdədir:
“Baxın, adını "güzəştli" qoyub, amma qazanmaq şansını kimlərə veririk? Yüksək İT bacarığı olan, kompüterlə cəld işləməyi bilən, yüksək internet sürəti olan və s. insanlara. Bunun harası güzəşt fəlsəfəsinə uyğundur? Burada bacarıq fəlsəfəsi hökmranlıq edir. Bəlkə biri əqli cəhətdən zəifdir, bəlkə birinin olduğu ərazidə internetin başına oyun açırlar, bəlkə birinin "mışka" tutan əllərində qüsur var, bəlkə seçim olan günü birinin məhəlləsində işıq söndü? "Güzəştli mənzil" kimi gözəl ideyanı sonda gətirib fiziki və zehni bacarığa bağlamaq olmaz!”.
Ekspert əlavə edib ki, "güzəşt" konsepsiyasını sonda hiyləgər "şans oyunu"na çevirmək də düzgün deyil:
“Mexanizm dəyişməlidir. Güzəştli mənzilə haqqı çatan insanların ədalətli seçilməsi üçün daha təkmil mexanizm müəyyən edilməlidir. Bu mexanizmi qurmaq elə də çətin deyil”.
Xatırladaq ki, dünən Dövlət Təhlükəsizliyi Xidməti, Mənzil İnşaatı Dövlət Agentliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Güzəştli mənzil” sistemi vasitəsilə mənzil seçiminin təşkili prosesində Elektron Hökumətin İnkişafı Mərkəzinin “ASAN Login” sisteminə kiberhücumla bağlı aparılan araşdırmalara dair birgə məlumat yayıb. Qeyd olunub ki, kiberhücumların ümumilikdə 11 ölkəyə məxsus 47 IP ünvanından həyata keçirildiyi müəyyən edilib. Təxirə salınmış mənzil seçimi prosesi isə bu gün saat 15:00-da keçiriləcək.
Türkan