Əhali mağazalarda nə qədər pul xərcləyib? - Yüksək inflyasiyanın xərclərdəki artıma təsiri
Azərbaycanda bu il ərzaq və qeyri-ərzaq mallarının qiymətinin xeyli yüksəlməsinə baxmayaraq, əhalinin pərakəndə ticarət xərclərində azalma baş verməyib.
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, cari ilin ilk 8 ayında ərzaq qiymətləri 21,6 faiz, qeyri-ərzaq mallarının dəyəri 8 faizdən çox artıb. Qiymətlərin kəskin artması əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir etdiyindən gözləmək olardı ki, bu, mal dövriyyəsinə azaldıcı təsir edəcək.
Lakin 2022-ci ilin yanvar-avqust aylarına aid olan məlumatlar göstərir ki, bahalaşmaya baxmayaraq, ticarət dövriyyəsinin həcmi bir qədər də artıb. Belə ki, ərzaq və qeyri-ərzaq mallarının satış həcmi inflyasiyanı nəzərə almadıqda 2,8 faiz böyüyüb. Böyümə ərzaq məhsullarında 2,8 faiz, qeyri-ərzaqda 3,6 faiz olub.
Qeyd edilən dövrdə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 383,8 manatlıq, o cümlədən 216,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 167,2 manatlıq qeyri-ərzaq malları alıb.
Yüksək bahalaşma şəraitində ərzaq və qeyri-ərzaq xərclərinin artmasını yalnız əhalinin gəlirinin inflyasiya ilə müqayisədə daha çox artması, həmçinin əhalinin əvvəlki illərdə yığdığı vəsaitin bir hissəsini xərcləməsi ilə izah etmək olar.
Vasif
Sfera.az






