Nə neçəyədir? – “Yaşıl Bazar"dan REPORTAJ + FOTOLAR
2022-ci ilin avqustunda qida məhsullarında bahalaşma bir qədər də güclənərək 21,6 faizə yüksəlib. Dinamika qida məhsullarının qiymətində artımın dayanmadığını göstərir. Bu artım həmçinin meyvə və tərəvəzin qiymətlərinə də təsirsiz ötüşməyib. Belə ki, son bir ildə tərəvəzin qiyməti 70 faiz, meyvənin qiyməti isə 20 faizdən çox bahalaşıb.
Sfera.az-ın əməkdaşı hazırda bazarlarda vəziyyətin necə olduğunu öyrənmək üçün paytaxtın mərkəzi bazarlarından olan “Yaşıl Bazar”a üz tutub.
Müşahidə etdiyimiz ilk məqam bazarda alıcı sayının azlığı oldu. Müsahibimiz olan satıcılardan biri qiymətlərin baha olduğunu və bunun da əhalinin alıcılıq qabiliyyətinə təsir göstərdiyini deyib:
“Əslində bazardakı vəziyyət hər zamankı kimidir. Sadəcə, indi həftəiçi olduğuna görə alıcıları az görürsünüz. Buna baxmayaraq əvvəlki illərlə müqayisədə təbii ki, alıcılıq qabiliyyəti zəifləyib. Son bir ayda meyvələrin qiyməti ucuzlaşsa da, tərəvəzlərin qiyməti bir qədər artıb”.
Digər satıcı qiymət artımının onların işinə də təsir etdiyini vurğulayıb:
“Bu, bizim işimizə də pis təsir edir. Məhsullar bəzən əlimizdə qalır, sata bilmirik. Amma ümumi olaraq işlər hər zamankı kimidir. Alıcılar onsuz da hər zaman şikayət edirlər – qiymətlər ucuz olsa da, olmasa da. Əvvəllər bazarlara axın daha çox idi, indi bilirsiniz, marketlərdə də bu cür məhsullar satılır. Bəziləri məsafə uzun olduğuna görə ora üz tutur, nəinki, bazarlara”.
Qeyd edək ki, cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından limonun, xiyarın, sarımsağın, göy lobyanın qiymətində artım, təzə balığın, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, üzümün, pomidorun, soğanın, kələmin, bibərin, badımcanın qiymətlərində enmə müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Türkan
Fotolar: Anar Bayramlı




































































