Qız qaçırma, yoxsa adam oğurluğu? – Cəzası nədir?

Qız qaçırma, yoxsa adam oğurluğu? – Cəzası nədir?

Son günlər qız qaçırma faktları ilə bağlı məlumatlarla tez-tez rastlaşırıq. Bir neçə gündür Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə də bu istiqamətdə paylaşımlar edir. Belə ki, o, 17 avqust tarixində Cəlilabadda 16 yaşlı qızın, bir neçə gün sonra isə Qazaxda  17 yaşlı qızın qaçırılması ilə bağlı sosial şəbəkə izləyicilərinə məlumat verib. Maraqlıdır ki, bu cür hadisələrdə adətən qarşı tərəf “qız könüllü qaçıb” ifadəsi ilə işin məsuliyyətindən yaxasını qurtara bilir.

Bəs, yetkinlik yaşına çatmayan şəxsin qaçırılması qanunvericiliklə hansı məsuliyyətə səbəb olur?

 

Mövzu ilə əlaqəli vəkil Turan Abdullazadə Sfera.az-a bildirib ki, Cinayət Məcəlləsinə əsasən, adam oğurluğu beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır:

 

“Həmin əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda—on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Lakin qanunda belə bir istisna da var ki, əməllərində başqa cinayətin tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad olunur. Bundan əlavə vətəndaşlar bilməlidir ki, qızın ailə qurmaq məqsədilə qaçırılması, yəni el arasındakı adı ilə "qız qaçırtma” əgər qadının könüllü razılığı olmadan və onun iradəsi ziddinə baş verirsə, bu, adam oğurluğu cinayəti sayılır və qız qaçıran şəxsi ağır cəzalar gözləyir”.

 

Müsahibimizin sözlərinə görə, bəzən yetkinlik yaşına çatmayan şəxs öz istəyi ilə qaçır, lakin sonradan istintaq orqanında soruşdurma zamanı obyektiv və subyektiv səbəblərə görə zorla qaçırıldığını bildirir:

 

“Bu zaman qızı qaçıran oğlan olduqca pis vəziyyətdə qalır və əlində qızın könüllü qaçdığına dair sübut yoxdursa, həmin qaçıran şəxsi çox çətin günlər gözləyir. Yəni qızın qaçmağa razılıq verməsi hələ qızın fikrini dəyişməyəcəyi anlamına gəlmir. 18 yaşdan aşağı qız öz iradəsilə könüllü oğlana qoşulub qaçıbsa, burada "qaçırılma”dan söhbət gedə bilməz. Lakin Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə — üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yəni qız oğlanla könüllü getmiş, lakin qızın 16 yaşı tamam olmamışdırsa, bu zaman da qızı könüllü qaçıran şəxsi cinayət məsuliyyəti gözləyir. Bu cinayətə görə məsuliyyət bu əməlləri törətmiş şəxslə zərərçəkmiş şəxsin yaş fərqi iki ildən çox olduqda yaranır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR