Uşaqlara işgəncə verilən \"Sevgi evi\" sığınacağı BAĞLANMAYIB – ŞOK GÖRÜNTÜLƏR

Bakıda azyaşlıların işgəncələrə məruz qaldığı iddia olunan “Sevgi evi” qadın və uşaq sığınacağından xəbər var.
Qeyd edək ki, 10 may 2022-ci il tarixində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda keçirilmiş monitorinq zamanı uşaqlara işgəncə verilməsi faktları üzə çıxıb. Hadisə ilə əlaqədar prokurorluq tərəfindən sığınacağın rəhbəri Könül Qasımova barədə cinayət işi açılıb və araşdırma aparılırdı. 2 ay əvvəl isə qalmaqalı olayla gündəmə gələn “Sevgi evi”nin müvəqqəti bağlandığı, sığınacaqdakı uşaqların isə ailə üzvlərinə və yaxınlarına təhvil verildiyi bildirilmişdi.
Bu açıqlamanı isə sığınacağın sahibi Könül Qasımovanın atası, Ağdam Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Zülfü Qasımov bəyan etmişdi.
Sfera.az xəbər verir ki, Bizim.Media-nın araşdırmasına görə əslində sözügedən sığınacaq bağlanmayıb və indi də fəaliyyətdədir.
Nə cinayət işi açılan sığınacaqdakı uşaqlar ailə üzvlərinə və yaxınlarına verilib, nə də qalmaqallı məsələdə adı hallanan Könül Qasımova istintaqa cəlb olunub. Əldə etdiyimiz məlumatlara görə üstəlik sığınacağa yeni uşaq qəbulu da həyata keçirilir.
Sığınacaq sahibi Könül Qasımova əvvəl olduğu kimi indi də sosial şəbəkələrdəki səhifələrindən “Sevgi evi”nə maddi dəstək göstərmələri üçün xeyriyyəçi şəxslərə çağırışlar edərək, sığınacağın aylıq kirayə haqqı, kommunal tələbatları və orada yaşayan kiçik sakinlərinin sosial təminatı üçün hesab kartları paylaşır.
Məsələ ilə bağlı istintaq hərəkətlərinin nə yerdə olmasını öyrənmək üçün Baş Prokurorluqla əlaqə yaratdıq. Qurumun rəsmisi Günay Əyyubova bildirib ki, qeyd olunan faktla bağlı hazırda Sabunçu Rayon Prokurorluğunda istintaq davam edir.
Sığınacağın fəaliyyəti ilə bağlı məsələyə gəlincə, Könül Qasımova açıqlama vermək istəməyib. O, istintaq bitdikdən sonra mətbuat konfransı keçirəcəyini və bütün məsələlərə orada aydınlıq gətiriləcəyini deyib:
“Heç bir məlumat vermirəm. Sığınacağın bağlanması ilə bağlı dediyiniz informasiya da yalnışdır. Mətbuat konfransı keçirəndə hər şeyi öyrənərsiz”.
Görünən odur ki, Könül Qasımova dolayı yolla sığınacağın ümumiyyətlə bağlanmadığını və hazırda fəaliyyətdə olduğunu təsdiqləyib. Belə çıxır ki, Könül Qasımovanın atası, Ağdam Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Zülfü Qasımov 2 ay əvvəl sığınacağın bağlanması ilə bağlı yalan açıqlama verib.
Cinayət işi açılan “Sevgi evi” sığınacağının fəaliyyəti ilə bağlı foto və videofaktları təqdim edirik: