“Aşura tədbirlərində özünə ziyan vuranların psixologiyası normal deyil” - Psixoloq
Hər il Aşura günündə məscidlərdə müəyyən kütləvi tədbirlər keçirilir. Bu istiqamətdə müzakirə obyekti olan məsələlərdən biri isə uşaqların da prosesə cəlb edilməsidir. Xüsusilə, azyaşlıların böyüklər kimi sinə döyməsi, özünə hər hansı zərər vurması birmənalı qarşılanmır.
Bununla bağlı psixoloq Gülnar Orucova Sfera.az-a açıqlamasında deyib ki, bəzi insanlar dini yanlış anladığı üçün övladlarının da yanlış qavramasına səbəb olurlar:
“Biz deyirik ki, məktəb qarşısında heyvanların kəsilməsi və uşaqların bunu görməsi onların psixologiyasına mənfi təsir edir. Bəzi uşaqlar bu səhnənin şahidi olduqdan sonra heyvan əti yeməkdən də imtina edir. Özümüzü onların yerinə qoyaq və düşünək - əgər bu gün atam məni məscidə aparırsa, özünü döyüb qanını çıxarırsa, əsrlər öncə yaşanmış hadisəni bu formada təqdim edirsə, təbii ki, bu, yanlışdır. Belə hadisələr uşaqların psixologiyasına mənfi təsir edir. Özünü döyüb qan çıxarmaq din deyil. O qanı boş yerə axıtmaqdansa, Talassemiya Mərkəzində o qandan ötrü növbəyə yazılan kifayət qədər uşağın olduğunu düşünək. Ümumiyyətlə, Aşura tədbirlərində özünə ziyan vuran insanların psixologiyası normal deyil. Azyaşlının valideynləri bunu edə bilər, amma o, bunu etməməli, ənənə nəsildən-nəsilə ötürülməməlidir. Həmin valideynlər övladlarına pis örnək olurlar, dini şüuraltlarına düzgün yerləşdirmirlər”.
Müsahibimiz bildirib ki, dinin çox təbliğ edildiyi yerdə dinsizlər daha çox olur:
“Çünki düzgün təbliğ edə bilmirik. Bəzən din adı altında elə şeylər həyata keçirilir ki, nə olduğunu anlamırsan. Bu baxımdan qanı görən hər bir uşaq yaşından asılı olmayaraq sarsıla, psixologiyalarında gərginlik yarana bilər. Uşaqlar stresə düşə, dindən qorxa, uzaqlaşa bilərlər. Hər bir insan öz bədənini sevməli, bu cür hərəkətlərə yol verməməlidir. Bu cür davranışlara yol verənlər din sahibləri deyillər, nələrisə təbliğ edirlər. Qanı boşuna axıtmaq dindar olmaq deyil”.
Günay Rəsulqızı






