Odessa limanında yanğın: İstanbul razılaşmasına qarşı TƏXRİBAT?
Kateqoriya məlum deyil
İstanbulda Ukrayna taxılının ixracı ilə bağlı razılaşma əldə olundu. Bu, müharibənin başlanmasından sonra ən mühüm razılaşma hesab olunur, xüsusilə dünyada taxıl böhranının qarşısının alınması baxımından. Lakin İstanbul razılaşmasından bir gün sonra Ukrayna taxılının daşınacağı Odessada güclü partlayışlar və limanda yanğınların olması diqqət çəkdi. Bu, razılaşmanın işləməsinə qarşı atılan addım olaraq görünür.
Sfera.az xəbər verir ki, rəsmi Kiyev rusların Odessa limanlarına raket zərbəsi endirdiyini deyir.
Deputat Aleksey Qonçarenko bildirir ki, 6 raket zərbəsinin qarşısını hava hücumundan müdafiə sistemləri alıb, lakin zərbələr davam edir.
“Rusiya Odessa ticarət limanına da zərbə endirib, yanğın baş verib. Onlar bir daha göstərdi ki, razılaşmaya əməl etmək istəmirlər. Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracını təmin etmək üçün Ukrayna ordusunun silahlandırmaq lazımdır”, - o deyib.
Rusiyanın bu hücumu təşkil etməsi ehtimalı siyasi baxımdan da mümkündür. Çünki Moskva taxıl böhranından Qərbə qarşı kart olaraq istifadə edir, İstanbulda razılaşsa da, bunun praktiki mərhələdə qarşısını almaqla taxıl rıçağını əlində saxlayır.
Lakin Rusiya Odessa limanına hücumu qəbul etmir və Ukraynanı razılaşmanı pozmaqda ittiham edir.






