“Boşananları məcburi qaydada barışdırmaq nə dərəcədə doğrudur?” - Açıqlama
Bu gün boşanmaq istəyənlər məhkəməyə deyil, öncə mediatora müraciət etməlidir. Məlumdur li, 2020-ci ilin fevralından etibarən Azərbaycanda Mediasiya Şurası fəaliyyət göstərir və “Mediasiya haqqında” Qanuna görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq, məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
Yəni boşanma üçün müraciət edən şəxsin ilkin mediasiya sessiyasında iştirakı məcburidir. Son zamanlar isə ailədaxili şiddət problemi fonunda, müzakirə edilən əsas məsələlərdən biri bəzi mediatorların cütlükləri boşanmaq fikrindən döndərərək yenidən birlikdə yaşamağa sövq etmələri, bunun fəsadlar yaratdığı ilə bağlıdır.
Boşanmaq istəyən şəxsləri yenidən barışdırmağa cəhd etmək nə dərəcədə doğrudur?
Bununla bağlı Sfera.az-a açıqlama verən sosioloq Lalə Mehralı bildirib ki, ümumiyyətlə Mediasiya Şurasının fəaliyyəti cəmiyyət üçün qənaətbəxş olar:
“Çünki adi səbəblərdən boşanmağa qərar verən ailələr çoxdur. Əvvəllər hakimlər məhkəmə salonlarında bacardıqları qədər bu işlə məşğul olurdular, tərəfləri fikrindən döndərməyə çalışırdılar, iclası təxirə salır, növbəti günlərə, aylara keçirirdilər və.s. Amma Mediasiya Şurasının fəaliyyətə başlaması ümumilikdə ailələrin qoruması məqsədi daşıyırdı. Həqiqətən də qurumun fəaliyyətləri dövründə ən sadə səbəbdən boşanmağa gedən ailələrin əslində bunu istəmədiklərini ortaya çıxardığının şahidi olduq. Amma boşanmaqda qərarlı olan, heç bir halda bir-birilə yaşamağa dözməyən, hərəkətlərini, xasiyyətlərini həzm etməyən cütlükləri boşanmadan imtina etdirib ailə olmağa məcburetmə faktları xoşagələn deyil”.
Müsahibimiz deyib ki, Mediasiya Şurasında fəaliyyət göstərənlər ixtisaslı peşəkarlardır:
“Onlar tərəflərin davranışından, bir-birinə qarşı münasibətindən artıq başa düşürlər ki, bu insanlar birgə yaşaya bilər ya yox. Bunun əsasında qərar verilir. Əgər məcburi hallar varsa, bu, yaxşı deyil. Bir məsələ də var ki, Mediasiya Şurası ödənişli fəaliyyət göstərir. Hesab edirəm ki, ödənişi sığorta hesabına keçirmək və ya ödənişsiz etmək daha əlverişli olardı. Çünki boşanmadan Mediasiya Şurasının görüşündə olmaq istəyən insanlar da olur, amma ödənişə görə bundan imtina edə bilərlər. Fikrimcə, qurumun fəaliyyətini daha çox şəffaf etmək lazımdır, bu haqda mətbuata mütəmadi olaraq məlumat ötürülməlidir. Anonimliyini qorumaq şərtilə, onların boşanmadan imtina etdirdikləri ailələrlə görüşmək, danışmaq həmin qurumun onlara hansı formada təsir etdiyini öyrənmək effektiv olardı”.
Günay Rəsulqızı






