“13-35 yaş aralığında olanlar dənizdə daha çox boğulur” – İlginc SƏBƏB

“13-35 yaş aralığında olanlar dənizdə daha çox boğulur” – İlginc SƏBƏB

Havaların isinməsi ilə əhalinin dənizə üz tutması bir olur. Sərinləmək, istirahət etmək üçün dənizə gedənlər ilk növbədə təhlükəsizlik qaydalarına əməl etməlidirlər.

Mütəxəssislər hesab edirlər ki, çimərliklərdə boğulanların əksəriyyəti məhz bu qaydalara əməl etməyənlər olur. Digər tərəfdən, batma təhlükəsi ilə qaşrılaşmamaq üçün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin nəzarət etdiyi əraziləri seçmək məsləhət görülür. Təəssüflə qeyd etməliyik ki, bu məsləhətlər qulaqardına vurulur.

 

Mövzu ilə bağlı Sfera.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev dənizdə boğulmaların sayının artmasını insanların məsuliyyətsizliyi ilə əlaqələndirir.

 

Ekspert qeyd edib ki, insanların böyük əksəriyyəti dənizin çimərlik üçün nəzərdə tutulmayan hissələrində suya girməklə həyatlarını riskə atır:

 

“Birmənalı şəkildə başa düşmək lazımdır ki, qadağan olunmuş çimərliyə getmək olmaz. Bu, həm səhhətimiz üçün, həm də həyatımız üçün təhlükəlidir. 

 

Yaxşı olardı ki, gedəcəyiniz çimərliyi düzgün seçəsiniz. Çünki qanunla təhlükəli hesab edilən və qadağan edilən ərazilərdə suya girirsinizsə, bu zaman siz yaşana biləcək təhlükənin 50 faizini öz üzərinizə götürürsünüz. Çünki bir hadisə baş verərsə, ərazidə sizə kömək edə biləcək xilasedicilər yoxdur.

 

Dəniz səhvləri bağışlamır!

 

Ekspertin sözlərinə görə, boğulmaların sayının artmasına səbəb insanların dənizə mərclə girməsidir:

 

“Gənclər dənizə istirahət məqsədilə yox, özünü ətrafdakılara göstərmək, kiməsə nəsə sübut etmək üçün gedir. Bu, düzgün deyil. Dəfələrlə rastlaşdığım məqamlardır. Bir neçə gənc mərc edir ki, kim daha çox dərinə gedə bilər və gəlirlər çimməyə. Bütün bunlar insanın bilə-bilə öz həyatını riskə atmasıdır. Dəniz səhvləri bağışlamır.

 

Bir-birinin çiyninə çıxıb suya tullanırlar. Bu zaman əzələ dartıla bilər. İsti-isti hiss edilmir, amma suya girəndə suyun ağırlığı bədənin müvazinətinə mane olur və boğulursan. Fikir versəniz, görərsiniz ki, boğulmalar daha çox gənc nəsil arasındadır. 13-35 yaş arası insanlar daha çox dənizin qurbanı olur. Dəfələrlə xəbərdarlıq edilsə də, insanlar qaydalara əməl etmir. Məsələnin ən dəhşətli tərəfi isə insanların öyrənmək istəməməsidir”.

 

Bənzər hadisələrin çaylarda, göllərdə və təhlükəli hesab edilən müxtəlif su hövzələrində də baş verdiyini deyən ekspert bu sahədə maariflənməyə ehtiyac olduğunu deyib. Dənizdən fərqli olaraq, çaylarda, göllərdə suyun altındakı axının sürəti fərqli, lili isə normadan artıqdır: “İnsanlar dənizdə normal istirahət qaydalarını bilmirlər”.

 

Dənizdə ağır, yağlı yeməklər yeyib, spirtli içki qəbul edib suya girənlərin ilbəil artdığını deyən E.Nurəliyev aidiyyəti orqanların buna cərimələr tətbiq etməsinin zəruri olduğunu diqqətə çatdırıb:

 

“Bəzən ağır yeməklər yeyib, spirtli içki qəbul edib, dənizə girirlər. Bu, çox risklidir. Biz bu barədə insanlara məlumat verəndə gülürlər. İşin əsas mahiyyətinin fərqinə varmırlar. Çox istərdim ki, aidiyyəti orqanlar tərəfindən hər gün çimərlik ərazilərinə baxış keçirilsin. Bənzər vəziyyətlə qarşılaşdıqda həmin şəxs və ya şəxslər cərimələnsin. Bəlkə, ondan sonra dənizdə boğulmaların, bədbəxt hadisələrin sayı azalar.

 

Lakin problem bununla da bitmir. Bilmək lazımdır ki, dənizdə sahilə paralel üzmək lazımdır. Sahilə perpendikulyar üzmək olmaz. Dənizin hər istiqamətində dərinlik eyni deyil. Bu dərinliklər dəyişir. Anidən çökək yerə düşdükdə dalğanı tənzimləmək olmur və boğulmağa başlayırsınız. Yaxşı olardı ki, insanlar təhlükəsizlik məqsədilə, belə demək düzgün olarsa, “su ilə davranış qaydaları”nı öyrənsinlər”.

 

Yeganə

 


OXŞAR XƏBƏRLƏR