Cüneyt Arkının hamıdan gizlətdiyi SİRR AÇILDI - Qızı varmış, ona yazdığı məktubun TAM MƏTNİ
İki gün öncə dünyasını dəyişmiş məşhur türkiyəli aktyor Cüneyt Arkınla bağlı gizli detallar ortaya çıxıb.
Sfera.az bildirir ki, iki oğlu olduğu bilinən aktyorun Filiz Yaşam adlı qızının olması ortaya çıxıb. İlk nikahını 1964-cü ildə sinif yoldaşı Gülər Mocanla edən Arkının 1966-cı ildə qız övlad dünyaya gəlib. Həmçinin Cüneyt Arkının 1968-ci ildə qızına yazdığı məktub da aşkarlanıb.
Arkın həsrətini çəkdiyi övladına bu sözlərlə müraciət edib:
“Əziz balam Filiz, bunu sənə yazmağımın bir səbəbi var. 1968-ci il martın 10-u - Qurban bayramının ilk günüdür. Bu gün anan səni mənə göstərmədi. Telefonu söndürür, məktublarımı oxumur. Səndən ayrılandan iki ay keçdi, amma elə bil, min ildir səni görmürəm. Sənin üçün darıxıram. İndi isə şirin siman yavaş-yavaş yaddaşımdan silinir. Sinəmə toxunan o balaca əlinin istiliyi azalır. Günlərdir ki, cəhənnəmin dibindəymişəm kimi ağrılar içindəyəm. Adını min dəfə pıçıldadım, Allaha dua etdim ki, səni mənə göstərsin. Qorxular içində sənə gəldim. Qapını açmayacaqlarını bilə-bilə. Dostlarımı göndərdim evinizə, küncdə gözlədim. Amma xalaların onları qovdular. Anan səni pəncərədən görməyimi belə istəmir. Sən xalanın qucağında imişsən, üzərində mavi naxışlı paltar var imiş. Şirin-şirin gülürmüşsən. Nadinclik edib utanır, daha sonra başını gizlədirmişsən. Bir atanı uşağından hansı qüvvə ayırar? Hansı ürək buna razı olar? Belə bir sevgiyə hansı pislik qalib gələ bilər?
Ananın sərtliyini, həssaslığını, qəddarlığını necə izah edim? Balam, bu, bizim taleyimizdir. Amma anan əlini uzatsa, xilas olardım. Bəli, balam ağrıyırdım və tək idim. Ananın güc bildiyi və paxıllıq etdiyi hər şey, şöhrətim, pulum məni dünyada tək qoymuşdu. Çünki günahlarımda, zəifliklərimdə səmimi idim. Mən günahkar idim, amma saxta, xəsis deyildim. Ananla aramdakı böyük fərq onun türk kinosuna heç vaxt əhəmiyyət verməməsi ilə bağlı idi. Ona görə, etdiyim bütün işlər sadə və alçaldıcı bir iş idi. Xalaların da eyni şeyi düşünürdü. Anan mənimlə döyüşməyi, məni alçaltmağı özünə borc bildi. Mən hələ də barışmağı təklif edirdim. Səssizcə sevmək və bağışlanmaq var ikən, nədir bu iyrəncliklər? Sadəcə onun yaratdığı və tək buraxmaq istədiyi sevgini xilas etməyə çalışıram. O, sevgiyə və bağlılığa xor baxırdı, indi isə məndən daha təkdir”.
Türkan