Avtobus qalmaqalının “qəhrəmanlar”ını hansı cəza gözləyir? – “Həm qadın, həm də sürücü…”

Avtobus qalmaqalının “qəhrəmanlar”ını hansı cəza gözləyir? – “Həm qadın, həm də sürücü…”

“Sumqayıtda sərnişini təpiklə vuraraq avtobusdan itələyən sürücünün də, sərnişinin də hüquqa zidd davranışı var”.

Bunu Sfera.az-a açıqlamasında vəkil Turan Abdullazadə deyib. O bildirib ki, Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır:

 

“Yəni, ilk baxışdan sürücü Aqil Kosayevin əməlində Cinayət Məcəlləsinin 127-128-ci maddələrindəki cinayətin əlamətləri müşahidə olunur. Sərnişin Sənubər Baxşəliyevanın hərəkətlərində isə ilk baxışdan xırda xuliqanlıq və döymə inzibati xətalarının əlamətləri sezilir. Çünki sərnişin cəmiyyətə açıq hörmətsizlik edən hərəkətlər edərək ictimai qaydanı pozub, sürücüyə fiziki ağrı yetirib. İXM-nin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur”.

 

Müsahibimiz deyib ki, bəziləri sürücünün sadəcə özünü müdafiə etdiyini desələr də, səhv edirlər:

 

“Burada zəruri müdafiənin olduğunu düşünmürəm. Ən yaxşı halda zəruri müdafiə həddi aşılıb. Çünki Cinayət Məcəlləsinin 36.1-ci maddəsinə əsasən zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. Yəni, sürücü qadının əl qolunu fiziki qüvvə ilə zərərsizləşdirib onu uzaqlaşdıra biləcəyi halda, onu vuraraq itələyib. Ancaq Aqil Kosayevin əməlində cəzanı yüngülləşdirən hallar da müşahidə olunur. Belə ki, Cinayət Məcəlləsini n 59-cu maddəsinə əsasən cinayətin fiziki və ya psixi məcburiyyət təsiri altında, cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi cəzanı yüngülləşdirən hal hesab olunur. Cəza təyin edilərkən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Düşünürəm ki, sərnişin Sənubər Baxşəliyevanın sürücünü təhqir edərək çanta ilə vurmağa çalışması, ona fiziki ağrı yetirməsi işə baxan hüquq mühafizə orqanları və məhkəmələr tərəfindən yüngülləşdirici hal qismində nəzərə alınaraq ona daha yüngül cəza veriləcək”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR