Bakıda dəhşətli ailə FACİƏSİ - Bir yaşlı əkiz bacılar yanaraq öldülər - YENİLƏNDİ
Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ümumi sahəsi 120 m² olan birmərtəbəli kürsülü evin (tikintisi başa çatmayıb, iki otağında yaşayış olub) dəhlizinin yanar konstruksiyaları və dam örtüyünün taxta atmaları 20 m² sahədə, mətbəxinin tavanı 8 m² sahədə yanıb.
Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Yanğın bölmələri hadisə yerinə çatana kimi 7 nəfər (onlardan 4-ü uşaqdır) xəstəxanaya aparılıb. Uşaqlardan ikisi xəstəxanada vəfat edib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
***
10:53
Sabunçu rayonunda baş vermiş yanğın zamanı zərər çəkmiş şəxslər 29.06.2022-ci il tarixində saat 08:10 radələrdində ağır yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə daxil olub.
TƏBİB-dən bildirilib ki, vətəndaşlara zəruri tibbi yardım göstərilib, vəziyyətləri ağır olaraq qiymətləndirilir.
***
10:14
Kürdəxanı qəsəbəsində baş verən yanğında iki körpə - əkiz bacılar ölüb.
Sfera.az xəbər verir ki, APA-nın əldə etdiyi xəbərə görə, yanğın zamanı 2021-ci il təvəllüdlü Fatimə və Zəhra Abbasovalar yanıq xəsarətindən ölüblər.
Yanğın zamanı 2019-cu il təvəllüdü Zərifə Abbasova, 2020-ci il təvəllüdlü Atilla Abbasov, 1998-ci il təvəllüdlü Hamiyə Abbasova, Rövşən Abbasov və Qafar Abbasov yanıq xəsarətləri alıb.
***
09.57
TƏBİB Sabunçu rayonu, Kürdəxananı qəsəbəsi yeni yaşayış massivində yerləşən fərdi evdə qeydə alınan yanğında xəsarət alanlarla bağlı açıqlama verib.
TƏBİB-dən bildirilib ki, yanğında xəsarət alanlar səhər saatlarında Yanıq Mərkəzinə yerləşdirilib. Hazırda onların müayinələri davam etdirilir. Xəsarət alanların səhhəti ilə bağlı ətraflı məlumat veriləcək.
***
09:41
Bakıda evdə yanğın olub.
Hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi yeni yaşayış massivində yerləşən fərdi evdə qeydə alınıb.
Evdə baş verən yanğın zamanı 1 yaşlı körpə ölüb, 5 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır. Yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerindədir.






