Azərbaycanda əcnəbi turistləri aldadan obyektləri hansı cəza gözləyir? - AÇIQLAMA

Azərbaycanda əcnəbi turistləri aldadan obyektləri hansı cəza gözləyir? - AÇIQLAMA

Turizmin aktuallaşdığı yay fəsilində bəzi xarici vətəndaşlara istər mağazalarda, istər ictimai-iaşə obyektlərində xidmətin daha yüksək dəyərə təqdim edildiyinin şahidi oluruq. Bu isə, təkcə xarici vətəndaşların yox, həm də digər ölkələrdən qonağı olan yerli əhalinin də narazılığına səbəb olur.

Maraqlıdır, Azərbaycanda xarici vətəndaşların hüquqları qanunvericiliklə tənzimlənirmi?  Onların aldadıldığı aşkar olunarsa, obyektləri hansı aqibət gözləyə bilər?

 

Bununla bağlı Sfera.az-a danışan vəkil Turan Abdullazadə deyib ki,  qiymət məsələsində xarici vətəndaşların aldadılması istər insanlığa, vicdana, etik davranışa, istərsə də qanunvericliyə ziddir. Müsahibimiz qeyd edib ki, qanunvericiliyə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunda və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər:

 

“İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsinə görə qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə - səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 447.0-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni: mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların aldadılmasına; qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə -fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir”.

 

Vəkil əlavə edib ki, hüquqları pozulmuş şəxslər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi saytına daxil olaraq ərizə, təklif, şikayətlər bölməsində elektron qaydada və yazılı şəkildə poçt vasitəsilə şikayət verə bilər:

 

“Yaxşı olar ki, bu kimi hallarda xarici vətəndaşlar dərhal vəkil bürolarına və hüquq məsləhətxanalarına yaxınlaşsın. Çünki Azərbaycan Respublikası qanunvericiliyinə bələd olmayan xarici vətəndaşlar onların hüquqlarını və qanunla qorunan mənafelərini pozan şəxslərlə effektiv şəkildə mübarizə apara bilməz”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR