41 min azərbaycanlı tələbə ölkəyə qayıtmaqda çətinlik çəkir - Azərbaycan Yaşıl Kart sisteminə keçə bilərmi?

41 min azərbaycanlı tələbə ölkəyə qayıtmaqda çətinlik çəkir - Azərbaycan Yaşıl Kart sisteminə keçə bilərmi?

“Hazırda Azərbaycandan kənarda 41 min gənc təhsil alır və onların 22 minə qədəri Türkiyənin payına düşür. Bilirik ki, hər il tədris fasilələrində, bayramlarda, o cümlədən yay tətil dövründə bu tələbələr ölkələrinə qayıdırlar. Təəssüf ki, təyyarə biletlərinin qiymətlərinin baha olması, quru sərhədlərin bağlı olması valideynləri kifayət qədər əlavə xərcə salır”.

 

Bunu Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Müsahibimiz bildirib ki, artıq yay vaxtıdır və tələbələr semestr imtahanlarını başa vurub ölkəyə qayıtmalıdırlar:

 

“Amma onlarla bağlı hesab edirəm ki, hazırda təyyarə qiymətləri əlçatan deyil və bəzi hallarda ailə büdcələri buna uyğun olmur. Mövcud problemin aradan qaldırılması üçün dünyada qəbul edilmiş bir təcrübədən istifadə etmək lazımdır. Bu, yaşıl kartların tətbiqidir. Yəni bütün tələbələrə il ərzində ən azından iki dəfə endirimli qiymətlərlə hava nəqliyyatından istifadə etmək şəraiti yaradılmalıdır. Yaşıl kart vasitəsilə Azərbaycan xaricdə təhsil alan tələbələrinə – istər yerüstü, istər hava nəqliyyatından – güzəştli şərtlərlə  istifadə  etməsinə imkan verməlidir.  Çünki onlar Azərbaycanın gələcəyidirlər”.

 

Ekspert qeyd edib ki, Bakıdan Naxçıvana uçan və Naxçıvan qeydiyyatı olan tələbələrin hava nəqliyyatından istifadəsi zamanı güzəştlər nəzərdə tutulur:

 

“Hesab edirəm ki, biz bu qaydanı xaricdə təhsil alan tələbələrə də tətbiq etməliyik. Bu, dövlət büdcəsi üçün kifayət qədər böyük vəsait deyil, əksinə,  vətəndaş, tələbə  dövlət tərəfindən dəstək görsə, bu, ona motivasiya verər”.

 

Günay Rəsulqızı 

Sfera.az


OXŞAR XƏBƏRLƏR