Əli İnsanova cinayət işi açıldı
Sabiq nazirin həbs müddəti 2 ay sonra bitəcəkdi
Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov barəsində yeni cinayət işi başlanılıb. Bu barədə Bizimyol.info saytına məlumat verən vəkil Toğrul Babayev bildirib ki, Ə.İnsanovun vəkillərinə Qaradağ rayon Prokurorluğundan zəng edilərək cəzaçəkmə müəssisəsinə gəlmələri bildirilib. "Bu gün saat 9-dan cəzaçəkmə müəssisəsinə gəldik. Hələlik bizim içəri daxil olmağımıza icazə verilməyib. Hazırda 13 saylı Cəzaçəkmə Müəssisəsinin qarşısında gözləyirik” – deyən vəkil bildirdi ki, əlavə məlumat veriləcək.
Vəkil əlavə edir ki, hələlik yeni cinayət işinin Cinayət Məcəlləsinin hansı maddəsi ilə başlanması barədə məlumat verilməyib. "Prokurorluq əməkdaşları Cəzaçəkmə Müəssisəsinə daxil olsa da, biz çöldə gözləyirik".
Əli İnsanov 2005-ci ilin oktyabrında "dövlət çevrilişi" ittihamı ilə həbs olunub. Lakin sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-cü (külli miqdarda mənimsəmə və ya israf etmə) 306.2 (vəzifəli şəxs tərəfindən məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunub və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla, 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, sabiq nazirin həbs müddətinin başa çatmasına 2 ay qalmışdı.






