“See Breeze Resort”da binaların təhvili gecikir: Sakinlər şikayətçidirlər
Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən “See Breeze Resort” sakinləri binaların təhvilinin gecikməsindən şikayətçidirlər.
Sfera.az-ın məlumatına əsasən, burada inşası nəzərdə tutulan yaşayış və xidmət obyektləri vəd edildiyi vaxtda tamamlanmayıb.
Məlumat üçün bildirək ki, “Sea Breeze Resort” Xəzər dənizinin sahilində icra edilən kurort layihəsidir. On ildən çoxdur ki, icrasına başlanılan layihə üçün planlaşdırılan ərazi 300 hektardan çoxdur. Burada premium xidmət infrastrukturu və yaşayış sahələri inşa edilir. Layihədə fərdi və çoxmənzilli yaşayış binalarından başqa, otellərin, bar və restoranların, yaxta və qayıq limanlarının, fitness zallarının, SPA və Anti-Aging Mərkəzinin, tennis kortunun və başqa xidmət obyektlərinin olması nəzərdə tutulub.
Layihəyə uyğun olaraq bəzi tikililər təhvil verilsə də, hələ də vəd edildiyi vaxtda təhvil verilməyən daşınmaz əmlaklar var.
Sakinlər deyir ki, “Sea Breeze Resort” layihəsinə daxil olan “Lighthouse” layihəsinin tamamlanması gecikir. Lighthouse 1-ci binası vaxtında təhvil verilib, lakin ikinci binanın bu yay mövsümündə tamamlanacağı bildirilsə də, bina deyildiyi vaxtda təhvil verilməyib.
“Lighthouse” dörd 8 mərtəbəli binadan ibarət olan yaşayış kompleksidir. Kompleksdə ümumilikdə 399 mənzil və 27 penthaus olacaq. Mənzillərin sahəsi 40 m²-dən 735 m²-ə qədər dəyişir. Razılaşmaya əsasən, mənzillər hazır sanitar qovşağı ilə birgə təmir edilərək sakinlərinə verilməlidir. Son məlumata görə burada mənzillərin bir kvadrat metrinin qiyməti 2000 dollardan (3400 manat) başlayır.
Layihəyə əsasən 1-ci bina təhvil verilib. İkinci bina isə 2022-ci ilin yazında təhvil verilməli idi. Hətta bu barədə “See Breeze Resort”un saytında da məlumat yerləşdirilib. Amma sakinlər hələ də ikinci binanın təhvil verilmədiyini bildirirlər. Belə anlaşılır ki, ikinci binanın təhvili gecikdiyindən 3-cü (2023 ilin axırında) və 4-cü (2024 ilin axırı) binaların da təhvili gecikəcək.
Təhvil prosesi ilə bağlı “Sea Breeze Resort” layihəsinə daxil olan “Park Rezidence”dən də şikayət edilir. “Park Rezidence”də beş 4 mərtəbəli bina olmalıdır. Binalarda 298 mənzil olacaq və mənzillərin sahəsi 51 m²-dən 160 m²-ə qədər dəyişəcək. Buradakı mənzillərin qara suvağı vurularaq, təmir edilmədən sakinlərə veriləcək. Mənzillərin 1 m²-nin qiyməti 1500 dollardan (2 550 manat) başlayır.
“Park Rezidence”dəki binalar da 2022-ci ilin yazında təhvil verilməli idi. Sakinlər deyir ki, binalar pandemiya bəhanəsi ilə qeyd edildiyi vaxtda tamamlanmayıb. Ümumi tikinti işləri yekunlaşsa da, binalara su və elektrik enerjisi verilmədiyindən sakinlər əlacsız vəziyyətdə qalıblar, təmir işlərini həyata keçirə bilmirlər.
Sakinlər layihə icraçılarından işləri müqavilədə nəzərdə tutulan vaxtda və şəkildə işlərin tamamlanmasını tələb edirlər.