“Formula 1 qazanc gətirir amma…” - Ekspert AZAL-ı günahkar çıxardı
“Formula 1” heç bir ölkəyə birbaşa qazanc gətirmir, amma iş doğru təşkil olunanda iqtisadiyyatda mutiplikativ effekt yaradır”.
Sfera.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli bildirib. Ekspert bu oyunla ölkənin tanıtımının maddiləşdiyini, turizm və investor axınının artdığını deyib.
“Bu da biznesin qazanmasına, daha çox qazandıqca ödədiyi verginin həcminin artmasına səbəb olur – ölkələr məhz belə pul qazanırlar. Bizdə əhalinin bu yarışa neqativ münasibəti tək şəhərin iflic olmasına, yolların bağlı, saatlarla tıxacların yaranmasına görə deyil, həm də ona görədir ki, bu yarış zamanı və yarışdan sonra yaranmalı olan tanıtıma görə pul qazanmırlar.
“Formula 1” çox populyar yarışdır, dünyada 500 mln. nəfərə yaxın azarkeşi var, deməli ölkələr üçün tanınmağın artmasına yaxşı şərait yaranır. Doğru siyasətlə bu tanıtım maddiləşməlidir – turizm artır, hər turist bizim kimi ölkələrdə ortalama həftəyə ən azı 500 dollar pul xərcləyirlər, bu vəsait biznesə gəlir kimi daxil olur, biznesin də vergi öhdəliyi artır, bununla da büdcə də qazanır”.
N.Cəfərli turizmin innkişafına maneə kimi AZAL şirkətini göstərib:
“Bizdə turizmin qarşısında ən böyük sədd “AZAL”dır, belə yüksək bilet qiymətləri turizmin qənimidir, həm də ona görə “Formula 1”in effektini görmürük.
Tanıtımın digər maddiləşməsi investisiyalar olmalıdır – bu sahədə də “sinifdə qalmışıq”, investisiya mühiti toksikdir, cəlbedici deyil, deməli tanıtımın bu “nemətindən” də istifadə edə bilmirik. Beləliklə, əhalinin narazılığının kökü məhz, “Qızınmadıq istisinə, kor olduq tüstüsünə”, yanaşmasındandır və camaat tam haqlıdır...”.
İnci
Sfera.az