Bu gün onların bayramıdır - FOTOLAR
u gün Azərbaycanda Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günüdür.
Ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin və yüksək vəzifəli şəxslərin təhlükəsizliyini, ali dövlət hakimiyyət orqanlarının mühafizəsini təmin etmək məqsədi ilə 1993-cü il avqustun 23-də Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi yaradılıb, 2002-ci il mayın 6-dan isə fəaliyyətini Xüsusi Dövlət Mühafizə Xidməti kimi davam etdirib.
2008-ci il avqustun 21-də isə Prezident İlham Əliyev 23 avqust tarixinin Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunması haqqında sərəncam imzalayıb.
Bu sərəncam Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyətinin yerinə yetirdiyi vəzifələrin əhatə dairəsini və mürəkkəbliyini, dövlətçiliyimizin qorunmasında rolunu, Azərbaycan dövlətinə, xalqına, Azərbaycan Respublikasının Prezidentinə sadiq, layiqli və qüsursuz xidmətini nəzərə alaraq, Xüsusi Dövlət Mühafizə Xidmətinin yaradılması tarixini əbədiləşdirmək və sədaqətli xidmət ənənələrini yaşatmaq məqsədi ilə imzalanıb.
Xatırladaq ki, dünən Prezident İlham Əliyev "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlərə görə və Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə Xüsusi Dövlət Mühafizə Xidmətinin bir qrup hərbi qulluqçusu təltif edilib.







