“Dünyanın heç bir ölkəsində təhsili iki qurum idarə etmir” – DİM öz işi ilə məşğul olmur?
Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanında şagirdlərin aşağı nəticə göstərməsi sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Şagirdlər və valideynlər nəticələrdən narazı qalıb və nəticələrin belə aşağı olmasında DİM-i günahkar hesab edir.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarov deyib ki, Dövlət İmtahan Mərkəzi fəaliyyətsizlikdə günahlandırıla bilməz:
“Məsələ ondadır ki, DİM imtahanları keçirən texniki qurumdur. Yəni qurumun əsas vəzifəsi şagirdlərin, abituriyentlərin bilik və bacarıqlarını yoxlamaqdır. Hesab edirəm ki, DİM-in imtahan keçirmə mexanizmi yanlışdır. Uzun zamandır biz bu yanlışlıqları desək də, dəyişən bir şey yoxdur. DİM imtahanları təşkil edən texniki qurum olsa da, görürük ki, qurum həm imtahan suallarını hazırlayır, həm imtahanları təşkil edir, həm də dərsliklər çap edir. Bu, yolverilməzdir. Bütün bu işləri Təhsil Nazirliyi görməlidir. Dünyanın heç bir ölkəsində təhsili iki qurum idarə etmir”.
Ekspertin sözlərinə görə, ya Nazirlər Kabineti, ya da Prezident yanında Testalogiya İnstitutunun yaradılması vacibdir:
“Hansı ki, institut nə Təhsil Nazirliyinin, nə də DİM-in səlahiyyətində olmayacaq. Bizim məqsədimiz nədir? Şagirdlərin bilik və bacarıqlarını yoxlamaqdır. Bu zaman tərtib edilən testlər və təşkil edilən imtahanlar da obyektiv olmalıdır. Hazırkı imtahanlarda obyektivlikdən danışmaq mümkün deyil. Testologiya institutu olsa, şagird və abituriyentlərin tələbələrin hazırlıq səviyyəsinə uyğun testlər tərtib edilər və hazırkı kimi aşağı nəticələr də olmaz”.
E. Qafarov bildirib ki, DİM-də ciddi dəyişikliklərə ehtiyac var:
“Mən valideynləri yaxşı başa düşürəm. Hər kəs istəyir ki, övladı yaxşı təhsil alsın, universitetə daxil olsun. Lakin indiki məqamada DİM dövlət standartlarına uyğun təhsili həyata keçirməkdə böyük maneədir. Qurumda ciddi dəyişikliklərə ehtiyac var”.
Turan Rzayev






