Mərkəzi Bankın nəzarət fəaliyyəti qanunsuzdur – Ekspertdən sərt açıqlama

Mərkəzi Bankın nəzarət fəaliyyəti qanunsuzdur – Ekspertdən sərt açıqlama

Azərbaycan Mərkəzi Bankının (AMB) nəzarət fəaliyyəti qanunsuzdur.

 

Sfera.az xəbər verir ki, bu açıqlamanı bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov verib.

 

Ə.Həsənov bildirib ki, indiyə qədər dövlət başçısının müvafiq sərəncamı icra edilməyib. Onun sözlərinə görə, AMB həmin sərəncamın icrasını təmin etmədiyindən banklara, digər kredit təşkilatlarına, sığorta şirkətlərinə lisenziya verə, həmçinin bu qurumlardan hər hansı birini ləğv edə bilməz:

 

“Mərkəzi Bank pul siyasətini həyata keçirməklə yanaşı həmçinin maliyyə bazarlarına da nəzarət edir. Lakin sonuncu səlahiyyəti qanuna zidd olaraq həyata keçirir. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 1.3-cü maddəsinə əsasən Mərkəzi Bankın məqsədi, funksiya və səlahiyyətləri Konstitusiya və həmin Qanunla müəyyənləşdirilir. Sözügedən Qanunda Mərkəzi Bankın maliyyə bazarlarına nəzarət orqanı olması haqda müddəa yoxdur. Qanunun 6-cı maddəsinə görə isə Konstitusiya və qanunlarla müəyyən edilmiş funksiya və səlahiyyətlərini həyata keçirərkən Mərkəzi Bank müstəqildir və bu zaman heç kəs onun fəaliyyətinə hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhdudiyyət qoya bilməz, qanuna zidd təsir və müdaxilə edə bilməz.

 

Prezidentin 28 noyabr 2019-cu il tarixli 1616 saylı Sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilərək səlahiyyətləri Mərkəzi Banka verilmişdir. Eyni zamanda Sərəncama görə Mərkəzi Bank bir ay müddətində o cümlədən “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” və digər qanunlarda zəruri dəyişikliklərin edilməsi barədə təkliflərini hazırlayıb Prezidentə təqdim etməli idi. Yəni Mərkəzi Bankın maliyyə bazarlarına nəzarət orqanı kimi səlahiyyətləri qanunda öz əksini tapmalı idi. Lakin indiyədək bu edilməyib”.

 

Qeyd edilənləri nəzərə alaraq Ə.Həsənov hesab edir ki, AMB son iki il yarımda qanunsuz olaraq maliyyə bazarlarına nəzarət səlahiyyətlərini həyata keçirib:

 

“O cümlədən lisenziyalar verir, bankları, digər kredit təşkilatlarını, sığorta şirkətlərini ləğv edir, qaydalar və normativlər qəbul edir və s. və i.a. Bunların hamısı qanunsuzdur!

 

Ümid edək, artıq 45 gün ərzində Mərkəzi Banka rəhbərlik edən T.Kazımov tezliklə bu kobud qanun pozuntusunun aradan qaldırılması üçün tədbir görəcək.

 

Hər bir halda mövcud vəziyyətdə Mərkəzi Bankın nəzarət sahəsindəki tədbirlərindən narazı qalanlar onların ümumiyyətlə qanunsuz olduğu barədə məhkəmədə iddia qaldıra bilər. Səlahiyyətsiz qurumun bu sahədəki bütün addımları etibarsız hesab edilməlidir”.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR