Baş Prokurorluq: "Tərtər işi" ilə bağlı daha bir neçə hərbçi həbs edildi - SİYAHI
Cəmiyyət
14:51 / 19.04.2022
2764
Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoymaları faktları ilə əlaqədar cinayət işləri üzrə icraat təzələnmiş və Baş prokurorun birinci müavini tərəfindən prosessual rəhbərliyi həyata keçirilən istintaq qrupu tərəfindən 16 dekabr 2021-ci il tarixdən bütün istiqamətlər üzrə intensiv istintaq hərəkətləri aparılmaqdadır.
Bu barədə Sfera.az-a Baş Prokurorluqdan məlumat verilib.
2017-ci ilin may-iyun aylarında dövlətə xəyanət faktlarının araşdırılması ilə əlaqədar işgəncəyə, fiziki və ya psixi təsirə, digər qanunsuzluqlara məruz qalan, lakin zərərçəkmiş şəxs qismində tanınmayan şəxslərdən Baş Prokurorluğun "961” Çağrı Mərkəzi, 012-361-16-47 nömrəli telefon, habelə [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə əlaqə saxlamaqla dindirilmələrindən ötrü istintaqa gəlmələri xahiş olunur.
Əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi aparılıb, lakin sonradan bu hal öz təsdiqini tapmamaqla, hərbi xidmət əleyhinə olan cinayətlərə görə məhkum olunmuş 16 şəxs barəsində 16 cinayət işi üzrə verilən apellyasiya protestləri təmin edilərək müvafiq hökmlər ləğv edilib, həmçinin birinci instansiya məhkəmələri tərəfindən qeyd olunan işlərin əlavə istintaq aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərarlar qəbul edilmişdir. Həmin şəxslər barəsində cinayət təqibi ilə bağlı bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılaraq yenidən yekun qərarların qəbul edilməsi təmin ediləcək.
Bununla yanaşı, əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi aparılmış, lakin sonradan bu hal öz təsdiqini tapmamaqla digər cinayətlərə görə məhkum olunmuş daha 10 şəxs barəsində 10 cinayət işi üzrə müəyyən prosessual pozuntulara yol verilməsi halları aşkar edildiyindən həmin işlər üzrə yekun məhkəmə qərarlarının ləğv edilərək işlərin əlavə istintaq aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasından ötrü Baş prokurorun müvafiq müavini tərəfindən məhkəmələrə apellyasiya protestləri verilib.
İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.