İranlı “Fərrux”un çantası: O, Bakıya narkotik daşıyırdı...
Lakin Bakı Ağır Cinayətlər Məhkəməsində Astara rayon sakini, 35 yaşlı taksi sürücüsü Asim Rəsulovun dediklərinə inanmayıblar, onu narkotik maddələrin alverində təqsirli biliblər və uzunmüddətli həbsə məhkum ediblər.

Sfera.az xəbər verir ki, taksi sürücüsü Asim mütəmadi olaraq Azərbaycana gəlib-gedən iranlı "Fərrux”u ticarətçi kimi tanıdığını deyib. Dəfələrlə iranlını ailəsi ilə birgə Astara gömrük keçid məntəqəsindən Binə ticarət mərkəzinə aparıb-gətirib. Ticarətçi "Fərrux”un isə əslində pal-paltar deyil, narkotik alverçisi olması, Asimi də bu yola sürükləməsi sonradan məlum olub.
İttihama əsasən Asim Rəsulov şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşı "Fərrux” adlı şəxslə cinayət əlaqəsinə girərək sonuncunun vasitəsilə külli miqdarda metamfetamin və heroin əldə edib. Ötən il aprelin 27-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Asim Rəsulovun üzərinə baxış keçirilərkən onun əlindəki çantadan 505 qram metamfetamin, 710 qram heroin və elektron tərəzi aşkarlanaraq götürülüb.

Təqsirləndirilən Asim Rəsulov elan olunmuş ittihamla özünü qismın təqsirli bilib. İfadəsində taksi fəaliyyəti ilə məşğul olduğunu, iranlı "Fərrux”u iki-üç ildir tanıdığını deyib: ”Sərnişinləri əsasən Astara gömrük-keçid məntəqəsindən Bakıya daşıyırdım. "Fərrux”la da tanışlığım belə başlamışdı. İlk dəfə "Fərrux”u ailəsi ilə birgə Astara keçidindən Bakıya gətirmişdim. O vaxtdan bəri münasibətimiz yaranmışdı”.
A.Rəsulovun ifadəsinə görə, həmin vaxtdan etibarən "Fərrux” gah ailəsi ilə, gah da özü tək Bakıya gəlib-gedib və hər səfərində Asimin xidmətindən yararlanıb. Asim onları əsasən Binə ticarət mərkəzinə aparıb: "Pal-paltar alıb İrana aparırdılar. "Fərrux” mənimlə İran nömrəsi ilə əlaqə saxlayırdı. Mən də onları qarşılayırdım”.
Sonuncu dəfə ötən il aprelin 27-də Asimlə telefon əlaqəsi saxlayan iranlı ona "sənə çatası çanta var, onu götür özündə saxla, gəlib səndən götürəcəklər” deyib. O, da "Fərrux”un sözündən çıxmayıb, Suraxanı xəstəxanasının yanındakı dirəyin altından çantanı götürüb: "Çantanın üst hissəsində pal-paltar vardı, altda nə olduğunu bilmirdim. Hava qaralmışdı. Çantanı götürüb evə doğru gedəndə polislər məni saxladılar, polis idarəsinə apardılar. Polis idarəsində çantaya baxış keçiriləndə içərisindən heroin, metamfetamin və elektron tərəzi aşkarlandı”.

A.Rəsulov heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini və satışı ilə məşğul olmadığını məhkəmənin diqqətinə çatdırıb: "Çantadan aşkarlanan narkotik maddə mənə aid deyil. "Fərrux”u ticarətçi kimi tanımışam. Onun narkotik vasitələrin satışı ilə məşğul olması ağlıma belə gəlməzdi. "Fərrux” çantanı götürməyi tapşıranda içərisində nə olduğunu bilməmişəm”.
Məhkəmənin hökmü ilə Asim Rəsulov 9 il müddətinə azadlıqdan məhrum edilib.
(virtualaz.org)






