İsmayıllıda növbəti səyyar görüş keçirildi - FOTO
İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə RİH başçısı Nahid Bağırov İsmayıllı rayon Qurbanəfəndi kəndində kənd tam orta məktəbinin inzibati binasında kənd sakinləri ilə səyyar görüş keçirib.
Sfera.az xəbər verir ki, səyyar görüşdə hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Pandemiya qaydalarına uyğun olaraq təşkil olunan görüşdə sakinlər müraciətlərini dilə gətirib, onları narahat edən məsələləri rayon rəhbərliyinin diqqətinə çatdırıblar. Müraciətlər arasında kənddə yeni məktəb binasının və uşaq bağçasının tikilməsi, yeni iş yerlərinin açılması, tibb məntəqəsinin tikilməsi və sair məsələlər üstünlük təşkil edib. Görüşdə iştirak edən sakinlər onları narahat edən şəxsi problemlərini də dilə gətiriblər.
Səsləndirilən problemlərin bir çoxu yerindəcə öz həllini tapıb, bəzilərinin isə araşdırılaraq qanunamüvafiq formada həlli üçün tapşırıqlar verilib.
Qeyd edək ki, vətəndaşlarla səyyar görüşlər bundan sonra da mütəmadi olaraq keçiriləcək.






