Logo

Azərbaycanın "Dubai Expo 2020"dəki uğuru

Azərbaycanın "Dubai Expo 2020"dəki uğuru
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən "Dubai Expo 2020" beynəlxalq sərgidə Azərbaycan Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Gələcəyin toxumları" tematikası ilə dizayn edilmiş milli pavilyonla təmsil olunur. Üçmərtəbəli, ağac və onun budaqları formasını xatırladan pavilyonumuzun konsepsiyası təsdiq edir ki, yalnız insan kapitalının inkişafı ilə dayanıqlı gələcəyə nail olmaq mümkündür. Pavilyonda installyasiya, audio və video materialların vasitəsilə ölkəmizin landşaftının müxtəlifliyi əks olunur, Azərbaycan qlobal biomüxtəlifliyinin bir hissəsi olduğu göstərir. Dünyanın 192 ölkəsinin pavilyonunun təmsil olunduğu sərgidə Azərbaycan pavilyonu ən gözəl, ən maraqlı pavilyonlardan biridir. Burada onlarla konsert, kulinariya günləri və digər tədbirlər təşkil olunur.

Milli pavilyondakı interaktiv elektron vasitələrdə Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir incəsənəti və digər mövzularda videoçarxlar təqdim edilir. Eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi və sosial sahələrdə davamlı inkişafı və innovasiyalar, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri haqqında məlumat verilir.

"Azərbaycan pavilyonu ən gözəl, ən maraqlı pavilyonlardan biridir"

"Dubay Expo 2020" sərgisini ziyarət edənlər arasında politoloq Ceyhun Osmanlı da var. Sərgi barədə təəssüratlarını bölüşən politoloqun sözlərinə görə, sərgi 428 hektar ərazidə yaradılıb və sanki dünya ölkələrinin, mədəniyyətlərinin kiçik bir maketi bu ərazidə formalaşdırılıb: "BMT-də mövcud olan ölkələrin mütləq əksəriyyəti bu Expoda təmsil olunur. Burada hər bir millətin təmsilçisini görmək olar. O insanlarla ünsiyyətdə olub onların ölkələri, mədəniyyətləri ilə yaxından tanış olmaq imkanı mövcuddur. Eyni zamanda öz ölkəmiz və mədəniyyətimiz haqqda onlara məlumat vermək inkanımız var: "Sərgidə iştirak Azərbaycanın turizmini, eyni zamanda mədəniyyətini tanıtmaq üçün çox gözəl şansdır. Azərbaycan pavilyonu maraqlı platformaya çevrilib, ən autentik və diqqət çəkən pavilyonlardan biridir. Burada fərqli günlər qeyd edilir. Konsertlər, kulinariya və digər maraqlı günlərlə yadda qalır. Hər bir tədbirdən turistlər özləri üçün nəsə götürürlər. Bu həm mədəni mənadadır, həm də maariflənmə mənasında. Mən əminəm ki, bu, ilk növbədə Azərbaycan turizminə müsbət mənada təsir edəcək".

Azərbaycanın "Dubai Expo 2020"dəki uğuru

Ceyhun Osmanlı deyir ki, Azərbaycan pavilyonu girişə yaxın ərazidə yerləşir. Bu baxımdan bizim pavilyon çox strateji bir lokasiyadadır. Sanki sərgiyə daxil olan insanların böyük əksəriyyətini Azərbaycan pavilyonu salamlamış olur. Bu yerin çox uğurlu seçilməsi onun daha çox ziyarətçilərin nəzərə çarpmasına səbəb olur: "Azərbaycan pavilyonunun təqdimatı çox unikaldır. Elə ölkələrin stendləri, pavilyonları var ki, o ölkənin mədəniyyət nümunələrini gözlə görmək mümkündür. Yəni bir çox ölkələrin kulinariya nümunələrini ancaq monitorlarda görmək olur. Ancaq Azərbaycan pavilyonunun unikallığı ondan ibarətdir ki, burada ölkənin mədəniyyəti ilə yaxından tanış olmaq mümkündür. Ziyarətçilər mədəniyyətimizi təmsil edən incəsənət nümayəndələrini təşkil edilən konsert proqramlarda canlı izləmək, kulinariya nümunələrimizi, milli təamlarımızı, xörəklərimizi, şirniyyatlarımızı, şərabları əyani şəkildə görmək və onlardan dadmaq imkanı əldə edirlər. Azərbaycandan başqa mən o sərgidə qonaqları öz təamlarına qonaq edən ikinci bir pavilyon görmədim. Ölkəmiz burada da öz qonaqpərvərlik ənənəsi ilə digərlərindən seçildi".

Azərbaycan pavilyonunu digər pavilyonlardan fərqləndirən cəhət

Politoloqun dediyinə görə, Azərbaycan pavilyonunun digər pavilyonlardan fərqləndirən digər bir cəhət isə burada həddindən artıq peşəkar, qonaqpərvər və gülərüz bir komandaya sahib olmasıdır: "Sevindirici hal oldur ki, Azərbaycan pavilyonunun nümayəndələrini digər pavilyonların hər birinin rəhbərləri tanıyır. Azərbaycandan olan nümayəndə heyəti sərgidə təmsil olunan digər pavilyonları ziyarət edərkən protokol qapıları nümayəndələrə demədən açılırdı. Onlar çox hörmətə bizi dəvət edirdilər ki, pavilyonlarına baxaq. Bu ondan xəbər verir ki, Azərbaycanın oradakı komandası, ümumiyyətlə, Azərbaycan oradakı bütün ölkə təmsilçilərinin şüurunda möhtəşəm izlər buraxa bilib ki, onların timsalında Azərbaycandan gələn nümayəndə heyətinə də belə yüksək münasibət bəslənilir".

Azərbaycanın "Dubai Expo 2020"dəki uğuru

"Hər gün yeni konsert proqramları, kulinariya günləri, Azərbaycan xalçalarının təqdimatı..."

Ceyhun Osmanlı vurğulayıb ki, bu nəhəng sərgidəki Azərbaycan pavilyonu çox maraqlı bir mədəni platformaya çevrilib. Bu da Azərbaycan pavilyonunu digər pavilyondan fərqləndirən, unikal edən bir cəhətdir: "Mən sərgidə olarkən öyrəndim ki, bir çox ölkələr var, Expo başlayandan hər gün, hər saat eyni proqramı nümayiş etdirib. Fərqlilik, rəngarənglik yoxdur. Ancaq Azərbaycan pavilyonunun bir günü o biri gününə bənzəmirdi. Dəyişiklik, rəngarənglik var idi. Hər gün yeni konsert proqramları, kulinariya günləri, Azərbaycan xalçalarının təqdimatı kimi maraqlı təqdimatlar ziyarətçilərə təqdim olunurdu.  Biz orada olarkən "Azərxalça" ASC tərəfindən keçiriləcək tədbirlər çərçivəsində milli xalça sənətimiz ziyarətçilərə təqdim edildi. Ənənəvi Azərbaycan xalçaları və müasir dizayn əsasında hazırlanan "Dostluq" xalçası "Azərxalça"nın yaradıcı komandası ilə Əməkdar rəssam Rəşad Ələkbərovun birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlib. Xalçanın yaradılması üzrə işlər, o cümlədən, dizaynın işlənməsi, çeşninin hazırlanması, xalçanın toxunması və emalı 7 ay davam edib. Xalçada Azərbaycanın və Dubay Əmirliyinin məşhur tarixi və müasir abidələri, flora və fauna elementləri əksini tapıb. "Dubay Ekspo 2020"dəki Azərbaycan pavilyonunda qədim xalça sənətinin sirlərini öyrənmək arzusunda olanlar üçün ustad dərsləri də təşkil edildi. Sevindirici hal odur ki, "Gələcək üçün toxumlar" mövzusunda təbii elementdən təşkil olunan Azərbaycan pavilyonu ən çox ziyarət olunan pavilyonlar sırasında idi. Sərgidə qarşılaşdığım maraqlı bir məqamı xüsusilə vurğulamaq istərdim. Xalq yazıçısı Çingiz Abdullayevlə sərgidə olan zaman xarici ölkələrdən, xüsusilə də Postsovet ölkələrdən olan təmsilçilər Cingiz Abdullayevi tanıdılar. Onlar yazıçıya yaxınlaşaraq sevgilərini ifadə etdilər".

Azərbaycanın "Dubai Expo 2020"dəki uğuru

"Sərgidə zəif təqdimatla çıxış edən ölkələrdən biri də Ermənistan idi"

Politoloqun söylədiyinə görə, "Dubai Expo 2020" beynəlxalq sərgidə iştirak edən bəzi ölkələrin pavilyonları xeyli zəif olub. Bu səbəbdən də ziyarətçiləri də az olub, təxminən 10-15 nəfər: "Bəzi ölkələrin Expoda lazımi səviyyədə təmsil olunmaq üçün  resursları yetərsiz idi. Onlar çox uğursuz şəkildə təmsil olunurdular. Bu ölkələrin pavilyonlarına ziyarət edənlərin sayı çox az idi. Hətta onların öz resursları olmadığı üçün Birləşmiş Ərəb Əmirliyi hökuməti tərəfindən Expoda stendlərini qurmaq üçün onlara dəstək verilmişdi. Bununla belə onların təqdimatları zəif alınmışdı. Sərgidə zəif təqdimatla çıxış edən ölkələrdən biri də Ermənistan idi. Sərginin bir hissəsində yüksək səviyyədə, möhtəşəm pavilyonla təmsil olunan Azərbaycan, digər tərəfdə isə ölkəsini uğursuz şəkildə təmsil edən Ermənistan. Bu hal, təbii ki, ziyarətçilərin də diqqətindən yayınmırdı".

Azərbaycanın "Dubai Expo 2020"dəki uğuru

Ceyhun Osmanlı əlavə edib ki, Azərbaycan pavilonunun ən gözəl cəhətlərindən biri də orada Şuşa şəhəri ilə bağlı ayrıca bir video monitorun olması idi: "Şuşa qalasının, abidələrinin yanında xüsusi klassik orkestrin müşayəti ilə videolar nümayiş olunurdu. Videoları görən hər bir turist ayaq saxlayıb onları seyr edirdi. Bu Dubai Expoda bir Qarabağ nəfəsi idi. Doğurdan da çox təsirli bir məqam idi".

(525.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR