İslamda cinsi azlıqlarla bağlı ölüm hökmü varmı? - Elşad Miridən gündəmi zəbt edən qətllə bağlı AÇIQLAMA
Cəmiyyət
13:06 / 23.02.2022
2042
Ötən gün LGBT üzvü olduğu üçün öldürülən jurnalist-bloqqer Əvəz Şıxməmmədov haqqında özəlliklə sosial mediada fərqli fikirlər sərgilənir. Bunlardan biri də, dini baxımdan edilən müzakirələrdir. Bir qism, cinsi azlıq nümayəndələrinin öldürülməsinə dini baxımdan haqq qazandırır. Qeyd edirlər ki, İslam alimləri livata edənləri (kişinin kişi ilə cinsi əlaqədə olması) rəcm etmək (daşlayaraq öldürmək) əmrini veriblər. Livata cinsi əxlaqsızlıq kimi qəbul edilir və buna görə də ölüm hökmünə haqq qazandırılır.
Maraqlıdır, İslam dini həqiqətənmi bu şəxslərin öldürülməsinə haqq qazandırır? Ümumiyyətlə, cinsi azlıqlarla bağlı mövzu dinimizdə hansısa formada tənzimlənibmi?
Bununla bağlı tanınmış ilahiyyatçı Elşad Miri Sfera.az-a açıqlamasında LGBT üzvü olan insanlarla bağlı "Onlar öldürülməlidir və ya İslam dinində belə bir hökm var” kimi fətvaların verildiyinə təəssüf edib:
"Halbuki Qurana baxdığınız zaman belə bir hökmün olduğunun şahidi ola bilməzsiniz. Bu gün eyni məsələni biz yenə zina edən, qadın və kişi arasında olan qeyri-rəsmi münasibətlərə də şamil edirik. Lakin Quranda bu barədə də hökm görə bilməzsiniz. Quranda sadəcə Nur surəsinin ikinci ayəsində belə bir məsələ qeyd olunub – Əgər onlar zina ediblərsə və 4 şahid varsa, deməli bu, açıq-aşkar edilən məsələdir. Buna görə daş-qalaq hökmü yoxdur. Sadəcə olaraq, onların dəyənəklə döyülməsi, insanların qarşısında bunun həyata keçirilməsi məsələsi var”.
Müsahibimiz bildirib ki, 4 şahidin bu məsələdə tapılması həqiqətən qeyri-mümkündür:
"LGBT, livata mövzusunda da eynidir. Əgər insan hər hansısa bir cinayəti, qeyd etdiyim günahı açıq-aşkar edib insanların açıq sahədə əxlaqsızlığa yönəltməsinə səbəb vermirsə, belə bir cəzanı heç kimin, heç bir şəkildə tətbiq etməyə ixtiyarı yoxdur. Bu birmənalıdır. Digər tərəfdən, deyilənlər rəvayətlər və ya hədislərlə əlaqəlidir və bunun da islami tərəfi yoxdur”.
Xatırladaq ki, Əvəz Şıxməmmədov Sabunçu rayonu, Balaxanı qəsəbəsində, yaşadığı mənzilin həyətində əmisi oğlu Əmrulla Güləliyev tərəfindən bıçaqlanaraq, qətlə yetirilib.
Günay Rəsulqızı
Sfera.az