100 manatla ayaqqabısını silən şəxs cəzalandırılacaq? - Vəkildən AÇIQLAMA
Zaman-zaman pul əskinaslarının fərqli istifadəsi ilə bağlı görüntülərin şahidi oluruqq. Məsələn, ötən gün 100 manatlıqla ayaqqabısını silən şəxsin videosu yayıldı və bu, cəmiyyətdə birmənalı qarşılanmadı. O cümlədən, isinmək üçün əskinasları yandıranlar, pul nişanlarını bilərəkdən zədələyənlər və s. də az olmayıb.
Maraqlıdır, əskinaslarla davranış qaydaları qanunvericilikdə necə tənzimlənib? Bu cür davranışlar hər hansı məsuliyyətə səbəb ola bilərmi?
Bununla bağlı Sfera.az-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə xatırladıb ki, Azərbaycan Mərkəzi Bankı bu gün yalnız manatın bazara buraxılması, bazarda təmiz pul siyasətinin həyata keçirilməsi - yəni, dövriyyədə olan çirkli pulların tez bir zamanda ləğvi, yeniləri ilə əvəzlənməsi, manatın məzənnəsinin tənzimlənməsi ilə məşğul olur:
"Yəni, Azərbaycanda Mərkəzi Bankın dövriyyəyə buraxdığı manatın bilərəkdən korlanmasına qarşı hansısa bir məsuliyyət nəzərdə tutulmur. Milli valyuta onu dövriyyəyə buraxmış Mərkəzi Bankın, yəni dövlətin deyil, həmin pulu maaş şəklində alaraq, "necə deyərlər” cibində gəzdirən şəxsin mülkiyyətindədir. Pul həmin şəxsin mülkiyyəti olduğu üçün istəsə o pulu yandırar da, cırar da, atar da... Qanun buna görə hər hansı bir məsuliyyətin olmasını nəzərdə tutmur. Azərbaycan manatı Azərbaycanın himni, gerbi, bayrağı kimi dövlət rəmzlərinin sırasında deyil və milli valyuta qanunla bilərəkdən zədələnməsi hallarından qorunmur. Çünki pul onun məxsus olduğu şəxsə münasibətdə xüsusi mülkiyyət hesab olunur. Hər bir şəxs öz mülkiyyəti üzərində sərbəst sərəncam verə bilər”.
Müsahibimiz bildirib ki, Azərbaycan milli valyutası hesab edilən manatı bilə-bilə, qəsdən ictimaiyyət qarşısında cırmaq cəmiyyətdə xaosa səbəb olur, dövlətçiliyə zərbə vurur:
"Çünki milli valyuta ölkənin milli, siyasi, iqtisadi müstəqilliyinin əlamətlərindən biridir. O cırılan pulu tapa bilməyən minlərlə aztəminatlı ailələr var. Onların gözü qarşısında belə bir hərəkətin edilməsi, əlbəttə yolverilməzdir. Düşünürəm ki, milli valyutanın qəsdən məhv edilməsi ilə bağlı əməllər sanksiyalaşdırılana kimi, bu əməlləri ictimaiyyət qarşısında edənlər hüquq mühafizə orqanlarına çağırılaraq ən azından onlarla profilaktik söhbətlər aparılmalı, etdiyi əməldən peşmançılıqla bağlı iltizam alınmalıdır.
Baxmayaraq ki, qanunda hər hansı cəza mexanizmi yoxdur, ancaq milli valyutanın milyonların gözü qarşısında qəsdən, bilə-bilə cırılması cəmiyyət üçün pis örnək olmaqla, dövlətçilik ənənələrinin qorunması və iqtisadi rifahın təmin olunması baxımından yolverilməz hərəkət kimi qəbul edilməlidir”.
Günay Rəsulqızı
Sfera.az






