Bu yaşadək uşaqlara xüsusi diqqət yetirmək lazımdır – Psixoloqdan AÇIQLAMA
İnsanlar bəzən 20-30 il bundan əvvəlki dövrlə hazırkı dövrü müqayisə etdikdə, əvvəllər anaların övladlarından imtina hallarına demək olar ki, nadir hallarda rast gəlindiyini deyirlər.
Bunu bir çox faktorlara bağlayan var, lakin bu məsələnin psixoloji aspektləri də maraqlıdır.
Zamanla ana ilə övlad arasında bağların qırılması kənar təsirlərə, sosial şəbəkələrə və s. bağlıdırmı? Bu problemin yaranması nədən irəli gəlir?
Mövzu ilə əlaqədar Sfera.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı, Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq Əli Xəlilov KİV və sosial şəbəkələrin sözügedən məsələdə rolundan danışıb:

"Bu məsələ zamana, fərdə və situasiyaya görə dəyişir. Əvvəlki dövrdə belə halların indikindən daha az olması məsələsi ilə razıyam, lakin bu o demək deyil ki, qabaqkı dövrdə belə hallar az idi. İndi bu kimi halların yayılmasında KİV-in və sosial şəbəkələrin də rolu var. Bu o demək deyil ki, məsələ ictimailəşdirilməməli, xəbər yayılmalı deyil. Əksinə, bəzən belə mövzuların ictimailəşdirilməsi daha yaxşı olur. Sosial şəbəkələr bəzi hallarda ana ilə övlad arasında bağların qırılmasında rol oynayır. Dəyərlər sistemi dəyişib, gənc analar ailə konsepsiyasına, təlim-tərbiyə məsələsinə fərqli cür yanaşır və bu kimi hallar ana və uşaq arasındakı əlaqələri zədələyir. Çox vaxt qadınlarda ana instikti zəif olur və bu, ailədə ailə dəyərlərinin olmamasından irəli gəlir. Burada həm də ana və uşaq bağlılığı nəzəriyyəsinə də diqqət çəkmək istərdim. Çünki bu nəzəriyyədən öncə ana ilə uşaq arasında ancaq fizioloji tələbatların yerinə yetirilməsi qeyd olunurdu, lakin indi sosial aspekt məsələsi də qeyd olunur”.
Psixoloq uşaqla ana arasındakı münasibətlərin sonradan partnyor seçiminə də təsir etdiyini diqqətə çatdırıb:
"Uşaq ana vasitəsitəsilə dünyaya adaptasiya olur. Bu nəzəriyyə ana uşaq arasında güvənlilik bağlarını, təşvişli-dayanıqlı bağlılıq, təşvişli-qaçıcı və güvənsiz bağlılıq növü olur. Güvənsiz bağlılıqda böyüklərlə, digər insanlarla ünsiyyət qurmaq istəyi olur, amma psixotravmaların çoxluğundan münasibətdən tez imtina edirlər. Ana və uşaq arasındakı bağlılıq hətta uşaq böyüdükdən sonra partnyor seçimində də rol oynayır. Ona görə ana və uşaq arasında bağlar düzgün qurulmalıdır və ana yeniyetməlik dövrünədək uşağa xüsusi diqqət yetirməlidir”.
Əzizə Zeynal





