Küçədə məktəbli qıza şillə vuran şəxslə bağlı PSİXOLOQ RƏYİ
Bakıda küçədə gedərkən məktəbli qıza şillə vuran 29 yaşlı Əhməd Hüseynov saxlanıldıqdan sonra onun eyni əməli digər xanımlara qarşı da törətdiyi üzə çıxıb.
Bununla bağlı Sfera.az-a açıqlama verən psixoloq Gülnar Orucova bildirib ki, yeniyetmələrə qarşı bu cür davranışların sərgilənməsi və bunun dəfələrlə təkrarlanması şəxsin şiddət görmüş ailədən çıxdığının göstəricisidir:
"Ailədə şiddət görən şəxs cəmiyyətə də bunu daşıyır və tətbiq edir. Bu cür insanların psixoloji problemləri var. Uşaq vaxtı alınan travmalar, yaşadığı çətinliklər, psixoloji sarsıntılar böyüyərkən özünü bu formada göstərir. Ona olunmuş təzyiqləri, fiziki şiddəti başqalarına yönləndirməyə başlayır. Həmin insanlar etdikləri hərəkətlərə görə zamanında cəzalarını almasalar, gələcəkdə məsələ bir şillə ilə bitməz, daha böyük fəsadlara yol aça bilər”.
Müsahibimiz, həmçinin qeyd edib ki, sözügedən hərəkətlərə yol verən insanlar həm də ictimai qınağa çəkilməlidir:
"Əgər belə olarsa, insan etdiyi səhvi anlayar və bir daha təkrarlamaz. Çalışmalıyıq ki, övladımızı sevgi, qayğı ilə böyüdək. Bir insan bu gün cəmiyyətə bunu təqdim edirsə, deməli artıq, onun görüb-götürdüyü də budur. Övladımızı fiziki şiddətlə yox, sözlə tərbiyə etməliyik. Əks halda, o da sonradan oxşar üsullara əl atır. Ümumiyyətlə, uşaqlara nəyisə yüksək səslə belə izah etmək, qışqırmaq belə psixoloji şiddət sayılır. Bu baxımdan ehtiyatlı olmaqda fayda var”.
Günay Rəsulqızı
Sfera.az






