“Kişi xoş münasibəti başqasında tapır və...” – Psixoloq artan xəyanətlərdən danışdı
Xəyanət tarixin bütün dövrlərində olsa da, indi sosial şəbəkələrin populyarlığı xəyanətlərin artmasına səbəb kimi göstərirlər.
Bundan başqa, kişilərin xəyanətə daha çox meyilli olduğu bildirilir. Bunu bəzən genetika ilə əlaqələndirənlər tapılır.
Sfera.az xəbər verir ki, mövzu ətrafında Gundem.az-a danışan psixoloq Aytən Ələkbərova bəzi halda qadınların xəyanətə düzgün qiymət verə bilmədiyini deyib:
"Əvvəla onu qeyd edim ki, xəyanət hər kəsin öz vicdanının ölçüsüdür. Son dövrlər istər sosial şəbəkələr, istər xəyanətlə bağlı efirdə müzakirə olunan mövzular olsun, bunların heç biri psixoloji fakt olmadan xəyanətə yol aça bilməz. Bir insanın biri ilə ruhunun birləşməməsi, yola getməməsi və başqa şəxsə yönəlməsi bəlkə heç xəyanət deyil? Bir insanı xəyanətə və boşanmaya aparacaq bir neçə faktor var. Bunların içərisində ilkin səbəblər kimi kişilərin həyat yoldaşı, ata olmağa hazır olmaması, ailə üzvləri arasında qarşılıqlı xoş əlaqəni təmin edə bilməməsi dayanır. Bəzən cütlüklər evləndikdən bir il sonra boşanmağa qərar verirlər. Səbəbə baxırsan ki, xanım sosial şəbəkədən aktiv istifadə edir və həyat yoldaşı buna qarşı olur. Beləliklə, ailədə söz-söhbət yaranır və kişilər dərdini başqa biri ilə bölüşməyə başladıqda xanımlar bunun xəyanət olduğunu düşünür”.
Psixoloq uşaq dünyaya gəldikdən sonra bəzi kişilərin özlərinin ikinci plana düşdüyünü hiss etdiyini də qeyd edib:
"Ər ola bilmək təkcə cinsi münasibətlər demək deyil. Elə hallar da olur ki, xanımların ana olmağa hazırlaşdıqları dövrdəki narahatlıqları bəyi sıxmağa başlayır. Bu da yenə söz-söhbətlərin yaranmasına gətirib çıxarır. Bundan başqa uşaq dünyaya gəldikdən sonra bəylər unudulduğunu düşünərək, başqa şəxsdən göstərilən şirin münasibətə aldanır və ailəsindən soyuyur. Bunlar bütün bəylərə şamil edilmir, lakin psixoloji faktlar olaraq öz təsdiqini tapmış hallardır. Bəzən elə kişilər olur ki, seans zamanı bildirirlər ki, xəyanəti yenilik effekti almaq üçün ediblər və həmin qadınla daimi olmaq niyyətində deyillər. Bu zaman şəxs etdiyi hərəkətə şərh verməyə başlayır. Xəyanət çox geniş mövzudur və müxtəlif situasiyalar buna gətirib çıxara bilir”.






