Dünya şöhrətli azərbaycanlı alimin 80 yaşı tamam olur
Bu gün dünya şöhrətli alim Rafiq Əliyevin 80 yaşı tamam olur.
Sfera.az bildirir ki, akademik 10 fevral 1942-ci ildə Ağdamın Novruzlu kəndində anadan ololub. 1948-1958-ci ildə Ağdamda orta məktəbdə təhsil alıb, məktəbi medalla bitirib. 1958-1963-cü illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda oxuyan və institut təhsilini fərqlənmə diplomu ilə başa vuran Əliyev 1964-1967-ci illərdə Moskvada SSRİ Elmlər Akademiyası İdarəetmə Problemləri İnstitutunun aspirantı olub. 1967-ci ildə texnika elmləri namizədi, 1975-ci il texnika elmləri doktoru alimlik dərəcəsi alıb.
O, 1976-cı ildən professordur. 1989-cu ildə isə, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. 1998-ci ildən indiyə kimi Azərbaycan Dövlət Neft Akademiyası və Corciya Dövlət Universitetinin (Atlanta, ABŞ) MBA proqram direktoru, 2001-dən indiyə kimi isə bu universitetlərin BBA proqram direktorudur. Azərbaycan və bir sıra xarici ölkələrdə informatika və idarəetmə sahəsində elmi-tədqiqat işlərinin təşkilində böyük rolu olan Rafiq Əliyev, həmçinin Rusiyada, Almaniyada və İranda 130-dan çox elmlər namizədi, 25 elmlər doktoru hazırlayıb. Tələbələri hazırda təkcə Azərbaycanın elm mərkəzlərində deyil, digər ölkələrdə də - ABŞ, Almaniya, Türkiyə, Rusiya, İran və s. fəaliyyət göstərirlər.
Bilavasitə rəhbərliyi və iştirakı ilə 1994-cü ildən başlayaraq hər iki ildən bir Avropanın bir sıra ölkələrində ″Qeyri-səlis sistemlərin tətbiqi″, 2000-ci ildən başlayaraq hər iki ildən bir Özbəkistan Respublikasının Daşkənd şəhərində ″Qeyri-səlis sistemlərin tətbiqi və Soft Kompyutinq″, 2000-ci ildən başlayaraq hər iki ildən bir Türkiyənin Antalya şəhərində ″Sistem təhlilində, qərarqəbuletmə və idarəetmədə sözlə işləyən kompüter və Soft Kompyutinq″ üzrə beynəlxalq elmi konfranslar keçirilir.
R.Əliyev informatika və idarəetmə, süni intellekt, qeyri-səlis məntiq və "Soft Kompyuting"ə həsr olunmuş 70-ə yaxın kitabın, 350-dən çox elmi məqalənin müəllifidir.
Türkan
Sfera.az






