Maaş və pensiyalar artırılacaq – PREZİDENTDƏN TAPŞIRIQ
2016-cı ildə Azərbaycanda maaşlar və pensiyalar artırılacaq. Fins.az-ın məlumatına görə, prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında hökumətə maaşların və pensiyaların artırılması ilə bağlı təkliflər hazırlamağı taphşırıb.
Neft siyasi səbəbdən ucuzlaşır
İclasda 2015-ci ildə neftin qiymətinin düşməsinin və manatın devalvasiyaya uğramasının Azərbaycanda iqtisadi proseslərə də təsir etdiyini deyən dövlətimizin başçısı bunun səbəbinin kənarda yarandığını, neftin qiymətinin azalmasının iqtisadi yox, siyasi amillərlə bağlı olduğunu bildirib. Prezident bütün sosial proqramların, o cümlədən sosial infrastruktur layihələrinin icra olunduğunu, yeni iş yerlərinin açılması və regionların inkişafı ilə bağlı tədbirlərin görüldüyünü bildirib.
Yerli mallar bahalaşmamalıdır
Prezident İlham Əliyev manatın məzənnəsindən danışarkən qeyd etdi ki, son vaxtlar müşahidə olunan qiymət artımı yerli məhsullara şamil edilməməlidir. 2016-cı ildə pensiya və əmək haqlarının qaldırılması ilə bağlı hökumətə təkliflər hazırlamağı tapşıran dövlətimizin başçısı kənd təsərrüfatında islahatların genişləndirilməsi, meliorasiya tədbirlərinin davam etdirilməsi, əhalinin su, qaz və elektrik enerjisi ilə təchizatının daha da yaxşılaşdırılması, regionlarda sənaye zonalarının yaradılmasının sürətləndirilməsi, dotasiya ilə yaşayan rayonların iqtisadi səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlar verdi və görülən işlərlə əlaqədar hər rüb məlumat verilməsi ilə bağlı rayon icra başçıları qarşısında tələb qoyub.






