“TikTok insanları canlı yayımda meymuna çevirir” - Yeni dilənçilik növü

“TikTok insanları canlı yayımda meymuna çevirir” - Yeni dilənçilik növü
Tanınmış texnobloqer Fərid Pərdəşünas Azərbaycanda azyaşlı uşaqların valideynlərinin bank kartlarını əlavə etməklə TikTok yayımçılarına hədiyyələr göndərməsi probleminə toxunub.

Sfera.az xəbər verir ki, bloqerin sözlərinə görə, kontent yarada bilməyən adamlar canlı yayımda əllərindən gələni edirlər ki, onlara hədiyyə göndərilsin.

"TikTok-un canlı yayımından pul qazanma xüsusiyyəti yerli TikTok kontent yaradıcılarını dəhşət bir varlığa çevirib. Deməli, məntiq bundan ibarətdir ki, sən, canlı yayım açırsan və izləyicilərin sənə virtual hədiyyələr göndərməklə dəstək olur. İzləyicilər bu hədiyyələri real pul ilə alırlar və yayım sahibi də sonradan bu hədiyyələri pula çevirib, bank kartına köçürə bilir. İndi isə vəziyyət elə hala gəlib ki, qızlı-oğlanlı hərə alıb əlinə bir smartfonu, nəyisə, harasınsa göstərməklə hədiyyələr yığmağa çalışır. Yayımlara baxırsan "digital dilənçilik" baş alıb gedir. Sandıq göndər, əjdaha başı qoy, çay ver, eynək göndər, xəzinə göndər, ayı balası at. Onlarla belə hədiyyə sözün əsl mənasında insanları canlı yayımda meymuna çevirir.

Kontent yarada bilməyən adamlar canlı yayımda əllərindən gələni edirlər ki, onlara hədiyyə göndərilsin. Bəli, Çin-dən çıxan bu nəhəng platforma bizləri meymun edir yavaş-yavaş. Hər şey "Black Mirror" serialındakı kimi olacaq”.

F.Pərdəşünas bildirib ki, yavaş-yavaş insanların sosial reytinq sistemi də həyatımıza girəcək:

"Bugün Azərbaycanda çox az yaşlı uşaqlar valideynlərinin bank kartlarını əlavə etməklə TikTok yayımçılarını yemləyir, onlara hədiyyələr göndərir. Bununla bağlı mənə 10-larla müraciət daxil olub. Bank tarixçəsinə baxırsan ki, uşaq 1 ay ərzində 500-600 AZN yayıma pul xərcləyib”.


OXŞAR XƏBƏRLƏR