“Qarabağ bir milyonadək turist qəbul edəcək” - Fuad Nağıyev
"Qarabağın milli və təhlükəsiz turizm zonası kimi tanıdılmasına nail olmaq üçün uzunmüddətli strategiyanın hazırlanması və mərhələli şəkildə icrası zəruridir”.
Sfera.az xəbər verir ki, bunu Qarabağın turizm potensialı ilə bağlı danışarkən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib. Agentlik rəsmisi işğaldan azad olunan bəzi ərazilərin dağ və qış turizmi üçün geniş imkanlara malik olduğunu qeyd edib:
"Bütövlükdə Qarabağ regionu, xüsusilə də Şuşa, Hadrut, Füzuli, Suqovuşan, Şərqi Zəngəzur bölgələri turizmin müxtəlif növlərinin - eko, sağlamlıq, mədəni, təbiət, dağ və qış turizminin inkişafı üzrə zəngin resurslara, geniş imkanlara malikdir. Bu mənada Ağdamı qeyd etməyə xüsusi ehtiyac var. Bu şəhərin tamamilə yenidən qurulması, işgüzar turizm mərkəzinə çevrilməsi planı var. Alban məbədləri, Qarabağ xanlığının irsi, İpək yolu kimi mədəni turizm məhsulları buranın zəngin mədəni turizm potensialından xəbər verir”.
F.Nağıyev Qarabağın qarşıdakı illərdə 1 milyonadək turist qəbul edə biləcəyini deyib:
"Məhz bu qeyd olunan resurslara əsasən müvafiq turizm məhsullarının və "Zəfər marşrutları” konsepsiyası çərçivəsində layihələrin hazırlanması nəzərdə tutulur. Ümumilikdə qeyd edə bilərik ki, azad edilmiş ərazilərə 2025-ci ilə qədər 1 milyona yaxın yerli və xarici turistin səfər edəcəyi planlaşdırılır”.Əzizə Zeynal






