Nizami rayonunda Vətən müharibəsinin qaziləri ziyarət olunub
Kateqoriya məlum deyil
Nizami rayonunda Vətən müharibəsinin qaziləri ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin Nizami rayonundan olan deputatı Könül Nurullayeva bu dəfə gizirlər İsa Həsənov və Elvin Cavadov, Anar Əliyev, Əhəd Həsənov, Xosrov Quluzadə ilə görüşüb, onların problemləri ilə maraqlanıb.
Deputat bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uğurlu siyasət və görülən davamlı tədbirlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasına daxil olub. Görülən işlərin nəticəsidir ki, ordumuz ən müasir texnikalarla təchiz olunub və hərbi sənayenin yaradılması istiqamətində mühüm işlər görülüb.
K.Nurullayeva, həmçinin müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən qəhrəman hərbçilərimizin şücaəti hesabına, şəhidlərimizin qanı-canı bahasına Azərbaycanın öz haqq savaşında zəfər çalmasından, Ermənistanın işğalçılıq siyasətinə son qoymasından bəhs edib. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinin hazırda sürətlə davam etdiyini vurğulayan deputat şəhid ailələrinin, qazilərin problemlərinin həlli məsələsinin dövlətimizin hər zaman diqqət mərkəzində olduğunu bildirib.





