Şeyxdən Türkiyəyə JEST
Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısını alan zaman şəhid olanların xatirəsinə Azərbaycanın bütün məscidlərində qaibanə cənazə namazı qılınacaq.
"Report" xəbər verir ki, bunu Şəkidə vətəndaşlarla görüşündə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
O qeyd edib ki, bununla bağlı Azərbaycanın bütün məscidlərinə tapşırıq verilib: "Bu gün cümə namazından sonra ölkədəki bütün məscidlərdə Türkiyədə dövlət çevrilişinin qarşısını alan zaman şəhid olanların xatirəsi anılacaq, onların qaibanə cənazə namazı qılınacaq, ruhlarına dua oxunacaq".
Qeyd edək ki, iyulun 15-də Türkiyədə dövlət çevrilişinə uğursuz cəhd göstərilib. 246 nəfərin öldüyü, 2 mindən artıq insanın yaralandığı çevriliş cəhdinin hazırda ABŞ-da yaşayan Fətullah Gülən və onun şəbəkəsi tərəfindən həyata keçirildiyi ilə bağlı rəsmi ittiham verilib.






