Logo

Fişəng və partlayıcı maddələr satan şəxsləri hansı cəza gözləyir? - Açıqlama

Fişəng və partlayıcı maddələr satan şəxsləri hansı cəza gözləyir? - Açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yeni il öncəsi partlayıcı və tezalışan maddələrin, pirotexniki məmulatların satışına tez-tez rastlaşırıq. Bununla bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hələ də əhalinin istirahətinə mane olan satıcılar mövcuddur.

Maraqlıdır, qanunvericilikdə həmin şəxsləri hansı cəzalar gözləyir?

Bununla bağlı Sfera.az-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə deyib ki, pirotexniki vasitələrin mülki dövriyyədə istifadə olunması, satışı, ölkəyə gətirilməsi qanunla qadağandır.

Onun sözlərinə görə, fişəng, partlayıcı, tezalışan və.s kimi məhsulların gömrük sərhədindən keçirilməsi yalnız qaçaqmalçılıq yolla və ya qanunvericilikdə nəzərdə tutulan xüsusi icazə əsasında mümkündür:

"23 dekabr 2003-cü il tarixli 565 nömrəli  "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" qanuna əsasən, pirotexniki məmulatlar mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısına daxil edilib.  Yalnız xüsusi icazə əsasında idxalına yol verilən bu tip qurğu, maddə və məmulatların vətəndaşlar tərəfindən ölkə ərazisinə gətirilməsi, satışı və istifadəsi qanunla qadağan olunub. Pirotexniki məmulatların poçtla və baqajla qanunsuz olaraq göndərilməsi ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilər. Habelə malların gömrük nəzarətindən gizli, eləcə də bəyanetməmə və ya düzgün bəyanetməmə yolu ilə keçirilməsi hallarına qarşı malın dəyərindən asılı olaraq, Cinayət və İnzibati Xətalar məcəllələrində müxtəlif növ cəza və cərimələr nəzərdə tutulub”.

Müsahibimiz qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, malların və nəqliyyat vasitələrinin gömrük nəzarətindən kənar keçirilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin 40 faizindən 60 faizinədək məbləğdə cərimə edilir:

"Az miqdarda olduqda” dedikdə, 50 min manatadək olan məbləğ başa düşülür. Cinayət Məcəlləsinə əsasən isə, qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə, ya da düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla, malların və digər əşyaların xeyli miqdarda keçirilməsi—  cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

T.Abdullazadə vurğulayıb ki, tezalışan məddələr və pirotexniki vasitələrdən istifadə bayram əhvali-ruhiyyəsinin, rahatlığın pozulmasına gətirib çıxarmaqla yanaşı, insanların sağlamlığına və ətraf mühitə də ciddi təhlükə yaradır:

"Xüsusilə də uşaqların əyləncə məqsədilə istifadə etdikləri bu vasitələr onlarda ağır göz yaralanmalarına, qalıcı eşitmə qüsurlarına, müxtəlif dərəcəli yanıqlara yol aça bilir. Təbii ki, görmə və eşitmə qabiliyyətlərinin itirilməsi, ani partlayış səsi ilə yaranan qorxudan müxtəlif psixoloji travmaların alınması əgər digər şəxsin təqsiri ucbatından baş veribsə, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Odur ki, bununla bağlı cəmiyyətdə daimi olaraq maarifləndirici işlər aparılmalı,  əyləncədən çox sağlamlıq üçün ciddi təhlükə olduğu izah ediməlidir. Pirotexniki vasitələrdən istifadə başqalarının sağlamlığına və hüquqlarına ziyan vurmadığı və milli adət-ənənələrimizin ruhuna uyğun istifadə edildikdə məsuliyyət yaratmır”.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR