Azərbaycanlılar bu il Türkiyədə rekord sayda mənzil alıblar
Sfera.az Türkiyə Statistika Təşkilatına istinadən xəbər verir ki, noyabrda ölkədə mənzil satışı ötən ilin eyni ayına nisbətən 59 faiz artıb. Mənzil satışının artmasına əcnəbilər tərəfindən alışların artması da kömək edib.
Belə ki, noyabrda Türkiyədə satılan 178 min 814 ədəd mənzilin 7 441 ədədini əcnəbilər əldə edib. Bu, satılan mənzillərin 4,16 faizi deməkdir.
Aylıq müqayisədə mənzil alışında rekord göstərici noyabrda qeydə alınıb. Ötən ay alınan mənzillərin sayı əvvəlki aylardakı göstəricilərdən çox olub.
Noyabrda mənzil alışlarının artmasında Azərbaycanın da payı var. Azərbaycan vətəndaşları qardaş ölkədən 185 ədəd mənzil alıb ki, bu da 2021-ci ilin ən yüksək aylıq göstəricisidir.
Azərbaycan vətəndaşları Türkiyədə davamlı və ən çox mənzil alan əcnəbilərdən hesab edilir. 2021-ci ilin 11 ayında əcnəbilər Türkiyədə 51 min 352 ədəd mənzil alıb. Onun 8 594 ədədini İran, 7 622 ədədini İraq, 4 494 ədədini Rusiya vətəndaşları alıb. Azərbaycan vətəndaşları 1 325 ədəd mənzil əldə ediblər.
Son illərin statistikası göstərir ki, Azərbaycan vətəndaşları Türkiyədə mənzil alışının sayını artırır. Bu ilin 11 ayında qeydə alınan nəticə rekord göstəricidir. İndiyə qədər azərbaycanlılar bir ildə bu qədər çox mənzil almamışdılar.
Mənzil alışının artmasına təsir edən səbəb manatın lirə ilə müqayisədə daha sabit olmasıdır. Hazırda bir manat 8,5 lirəyə dəyişdirilir ki, bu məzənnə ilin əvvəlindəki məzənnədən təxminən 2 dəfə yüksəkdir.
Türkiyəli ekspertlər hesab edir ki, məzənnənin kəskin dəyişməsindən sonra ölkədə yüksək inflyasiya baş verir və əvvəllər mənzil alanlar bu vəziyyətdə daha çox qazanmış olurlar.
Vasif
Sfera.az






