175 manat borca görə "Azərişıq" əməkdaşlarını bıçaqladı
Sfera.az xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.
Belə ki, ASC-nin Ağdam Elektrik Şəbəkəsi idarəsinin əməkdaşları Taryel Mirzəyev və Şükür Mirzəyev borclu abonent Rəhim Davud oğlu Kərimov tərəfindən bıçaqlanıb. İlkin məlumata görə, hadisəni törədən şəxs 175 AZN borcu olduğundan elektrik verilişini dayandırmaq üçün gələn işçilərə qarşı bu hərəkəti edib.
Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
***
Ağdam rayonunda iki nəfəri bıçaqlayan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı məlumat verib.
O bildirib ki, Oğuz rayonu, Bayan kənd sakini Rəhim Kərimov Quzanlıda qonaq qaldığı evdə "Azərişıq” ASC-nin iki əməkdaşına bıçaqla xəsarət yetirib.
Belə ki, o, elektrik sayğacının yoxlanılması əsnasında aralarında yaranan münaqişə zamanı rayonun İmamqulubəyli kənd sakinləri - 1959-cu il təvəllüdlü Firdovsi Mirzəyev və 1962-ci il təvəllüdlü Şükür Mirzəyevi bıçaqlayıb.
Daha sonra Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Rəhim Kərimov saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.






