Məktəblərdən uşaq oğurluğu ilə bağlı RƏSMİ AÇIQLAMA
Bildirilir ki, onlar gecələr uzun müddət işığı yanmayan evləri izləyir, qonum-qonşuya aldadıcı suallar verərək özlərinə lazım olan məlumatları alırlar. Habelə, imkanlı insanların övladlarını məktəbə və ya bağçaya gedərkən izləyirlər... Uşaq Hüquqları Üzrə Azərbaycan Qeyri-Hökumət Təşkilatları Alyansının milli koordinatoru Nabil Seyidov Publika.az-a Bakının demək olar ki, bütün məktəblərində kameralar quraşdırıldığını, o cümlədən, Daxili İşlər Nazirliyinin mühafizə xidmətinin əməkdaşlarının bir çox böyük məktəblərdə nizam-intizama və giriş-çıxışa nəzarət etdiklərini deyib. Onun sözlərinə görə, məktəblərdə uşaqların valideynlərdən alınıb valideynlərə təhvil verilməsi işinə rəhbərlik tərəfindən ciddi şəkildə nəzarət olunur: “Düzdür, Azərbaycanda belə neqativ halların başvermə ehtimalı aşağıdır. Amma istisna olunmur. Valideynlər uşaqlarını bu cür hallarla bağlı məlumatlandırmalıdırlar. Uşağın məktəbdə olması heç də valideyni onun üzərində məsuliyyətdən azad etmir. Kiçik yaşlı uşaqlara isə ciddi nəzarət olunmalıdır. Bu tədbirlər görülsə, Azərbaycan məktəblərində və məktəbəqədər müəssisələrdə belə hallar baş verməz. Lakin belə hallardan heç kim sığortalanmayıb. Ona görə də məktəb və bağçaların əməkdaşları, valideynlər ayıqlıqlarını saxlamalıdırlar”. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov isəsosial şəbəkələr və telefonlarla yayılan bu məlumatların uydurma olduğunu bildirib: “Əhalinin qorxmasına, təşvişə düşməsinə heç bir əsas yoxdur. Ölkədə kriminogen durum nəzarət altındadır. Bu məlumatlar insanlar arasında çaşqınlıq məqsədi ilə yayılır. Mən vətəndaşlara məsləhət görərdim ki, hər hansı şübhəli məqamla rastlaşdıqda, dərhal Daxili İşlər Nazirliyinin 102 Xidmət Mərkəzinə məlumat versinlər. Bununla da məsələ öz həllini tapacaq”.






