TDƏŞ-in adının dəyişdirilməsi iqtisadi baxımdan hansı üstünlüklər vəd edir?
"İnstitutsional baxımdan şura ilə müqayisədə təşkilat daha çox sistemləşdirilmiş idarəetməyə malik qurumdur. Beynəlxalq praktikada şuralar adətən liderlərin, hökumət başçıların (məsələn, dövlət başçılarının şurası və s.) və ya müəyyən kateqoriya insanların cəmləşdiyi (məsələn, tələbə şurası, şəhər şurası və s.) komitələr kimi fəaliyyət göstərir. Təşkilat isə daha keyfiyyətli idarəetmə forması hesab olunur”.
Sfera.az-ın məlumatına görə, bu barədə millət vəkili Vüqar Bayramov deyib. Onun sözlərinə görə, təşkilat daxilində iqtisadi və ticari əməkdaşlığı daha sistemli şəkildə əlaqələndirmək mümkündür:
"1,2 trilyon nominal ÜDM-ə malik olan Türk dünyası yeni regional əməkdaşlıq modelidir. Bu baxımdan, kifayət qədər geniş və strateji baxımdan vacib hesab olunan coğrafiyada təşkilat çərçivəsində daha ünvanlı və sistemli əməkdaşlıq mümkündür.
Bu formatda əməkdaşlıq ölkələr arasında daha liberal ticarət rejimlərinin formalaşmasına imkan yaradacaq. Azərbaycan və Mərkəzi Asiyada yerləşən Türkdilli dövlətlər MDB çərçivəsində qarşılıqlı ticari rejimi artıq formalaşdırıblar. Türkiyə ilə Azərbaycan arasında imzalanan preferensial ticarət sazişi bu ilin martında qüvvəyə minib. Türkiyə Özbəkistan ilə oxşar sazişi imzalamaq mərhələsindədir.
Bu ondan xəbər verir ki, Türk dünyasında növbəti illərdə iqtisadi əlaqələr daha da dərinləşəcək. bu daha ünvanlı və qarşılıqlı fayda əsasında qurulan bir əməkdaşlıq formatıdır. Bu isə o deməkdir ki, regionun yeni iqtisadi xəritəsi cızılmaqdadır”.Turan Rzayev






