"Gəlin, 2-3 ay ən sərt karantin rejimini tətbiq edək" - Ekspert
"Bəlkə pandemiya 10 il davam etdi, biz də yoluxma azalanda təhsil müəssisələrini açıb, çoxalanda bağlamaqla tədbir görəcəyik?”.
Sfera.az bildirir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, ölkədə 1.6 il ərzində polis, həkim, vəkil, hakim, satıcı, bank işçisi, sürücü də koronavirusa yoluxub və ya vəfat edib:
"Niyə hər kəs təhlükəni təhsildə görür? Bizim qədər təhsilə qeyri-ciddi yanaşan ikinci toplum yoxdur. Hər kəs yalnız "məktəblər bağlansın” deyir. Niyə bir restoran, bir polis bölməsi, bir məhkəmə binası, vergi idarəsi, sosial müdafiyə şöbəsi, bir bank bağlansın demir? Onlara getmək könüllüdür? Axı orada çalışanlar valideynlərdir! Onlar yoluxub gəlib evdə övladlarına yoluxdurmayacaqmı? Hər gün valideynlər ictimai nəqliyyatda basa-basda gəlib, yoluxub evdə təhlükə mənbəyi olmurlarmı? Biz buna ciddi yanaşmalıyıq”.
Ekspert deyib ki, uşaqların sağlamlığı hər şeydən vacib olsa da, buna məktəbi bağlamaqla nail olmaq mümkün deyil:
"Çünki o uşaqların valideynləri, ailə üzvləri hər gün marketdə, aprektə, restoranda olurlar, ictimai nəqliyyatdan istifadə edirlər. Biz isə heç bir yerin bağlanmasını yox, ancaq məktəblərin bağlanmasını istəyirik. Distant təhsil keyfiyyətli deyil, əlçatan deyil. Amma sərt nəzarət və tələbkarlıq olsa, nəyəsə nail olmaq olar. Mövcud vəziyətdən sui-istifadə halı var. Narahatıq, sağlamlıq hər şeydən vacibdir. Gəlin ən sərt karantin rejimini tətbiq edək. Bütün yerləri bağlayaq, tam hərəkəti 2-3 aylıq məhdudlaşdıraq. Hər yer fəaliyyətdə olsa, təhsil müəssisələri bağlansa, bu doğru yanaşma deyil”.
Günay Rəsulqızı
Sfera.az






