"Müəllim peşəsinin həm prestiji, həm də maaşı kəskin artmalıdır" - Natiq Cəfərli
Sfera.az-ın məlumatına görə, bununla bağlı iqtisadçı Natiq Cəfərli qeyd edib ki, sosial şəbəkələrdə bu ifadə zarafata çevrilsə də, əslində vacib məsələdir. Onun sözlərinə görə, bunun üçün sistemli addımlara, maddi stimullara ehtiyac var:
"Yaponiyada müəllimlər ilə 62 100 dollar maaş alırlar. Amma əsas maaş deyil, müəllimlərin çox böyük sosial və tibbi sığortası olur ki, onu da dövlət qarşılayır, digər ciddi imtiyazlar da var – mənzil təminatı, yüksək təqaüd zəmanəti və s. Təhsilin səviyyəsi müəllimin cinsindən asılı deyil – bu dəqiqdir. Sadəcə ölkədə müəllimlərin maaşı çox az, onlara yüklənən kənar işlər isə (seçki, siyasi təbliğat və s.) həddən artıq çoxdur”.
İqtisadçı bildirib ki, son 20 ilin qəbul statistikasına əsasən, ən aşağı balla tələbələr məhz pedaqoji ixtisaslara qəbul olunurlar:
"Nəticədə qısır döngə yaranır – ən zəif tələbələr müəllim olur, onlar universiteti bitirir, məktəbə müəllim kimi gedib daha zəif şagirdlər yetişdirirlər. Bu mənasız "zənziri” qırmaq üçün müəllim peşəsinin həm prestiji, həm də maaşı kəskin artmalıdır. Bu isə, arzularla, gözəl sağlıq deməklə olmur”.
Günay Rəsulqızı
Sfera.az






