"Bir müddətdən sonra bunlar cəmiyyət üçün böyük problem yaradacaq" - QHT sədrindən XƏBƏRDARLIQ
Bunu Sfera.az-a açıqlamasında "Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. O bildirib ki, yaşından və ya sosial statusundan asılı olmayaraq, istənilən şəxs bununla üzləşir, hədəf olur:
"Baxın, ötən günlərdə Əməkdar artist Ruhəngiz Allahverdiyeva sosial şəbəkələrdə onun ünvanına yazılan tənqidi şərhlərdən şikayətlənmişdi. O, paylaşdığı şəklinə görə təhqir edilmişdi. Bu, onun şəxsi işidir, lakin insanlar onun paylaşımına kifayət qədər aşağılayıcı, hətta ölüm arzulayacaq qədər fikirlər səsləndirmişdi. Bu, bir şəxsə yönəlmiş xoşagəlməyən, onun psixologiyasına ciddi zərər vuran ifadələrdir. Eləcə də mən özüm və ya digərləri. İstənilən şəxs hansısa yazı yaza bilər, bu, kiminsə xoşuna gəlməyə bilər, ancaq şəxsin fikrinə görə yox, ümumiyyətlə, onun şəxsiyyətinə yönəlik çoxlu sayda təhqirlər səsləndirilir. Bu insanlarda işlətdikləri ifadələrə görə məsuliyyət hissi yoxdur, onlar nə etdiklərini görmürlər və onlara elə gəlir ki, istənilən şəxsi təhqir etmək, aşağılamaq, şəxsiyyətə yönəlik hər cür ifadələr işlətmək haqqına malikdirlər”.
Müsahibimizin sözlərinə görə, bu hallar cəmiyyətdə kifayət qədər xoşagəlməyən nüans yaradır:
"Ən çox da bunlar qadına qarşı olur, heç bir kişiyə qarşı xoşagəlməyən ifadələr işlədilmir – nadir hallarda olur. Amma qadına istiqamətlənmiş istənilən ifadədən istifadə etməyi özlərinə rəva bilirlər, bunu norma kimi qəbul edirlər. Bu hallar insanda hansısa travmaya səbəb ola bilər və ya sağlamlığına zərər gələ bilər, şəxsin nüfuzuna xələl gətirər və s. Kiminsə kimisə təhqir etməsi yolverilməzdir. Bu kimi hallar cəza (cərimə) ilə nəticələnməlidir və böyük məbləğdə olmalıdır. Dövlət adamı, sıradan vətəndaş, adi ev qadını ola bilər ki, onun fikrinə qarşı hansısa ifadələrin işlədilməsi yolverilməzdir.
Bütün bunlar mədəni səviyyənin həddindən artıq aşağı düşməsindən və insanların öz işlətdikləri ifadənin məsuliyyətini daşımamasından, cəzanın olmamasından irəli gəlir. Yoxsa mənim kefim istədi, kimisə təhqir etdim – belə olmaz. 21-ci əsrdə yaşayırıq, kiməsə qarşı xoşagəlməz ifadələrin işlədilməsinin qanunla cəzası olmalıdır. İndi hiss olunmur, amma bir müddətdən sonra bunlar cəmiyyət üçün böyük problem yaradacaq. Bəzi insanlar düşünür ki, belə şərhlərə əhəmiyyət vermək lazım deyil, amma o adamın ailəsi , dostu, qardaşı, həyat yoldaşı var. Bu cür ifadələrlə təkcə qadına deyil, bütün ailəsinə zorakılıq etmiş olurlar”.
Günay Rəsulqızı
Sfera.az






