Yazıçı-kulturoloqdan teatrlara marağın az olmasına etiraz: "Yeniyetmələr vəhşi kimi böyüməməlidirlər"
"Azərbaycanda heç vaxt mədəniyyət abidələrinə giriş yüksək səviyyədə olmayıb”.
Bunu Sfera.az-a açıqlamasında yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib. O bildirib ki, insanlar mədəniyyət saraylarına, konsertlərə, teatrlara, kitab mağazalarına gedib estetik zövqlərini artırmalıdırlar:
"Bu həm də gənclər, yeniyetmələr, məktəblilər üçün çox önəmlidir. Onlar vəhşi kimi böyüməməlidirlər. Bu sadaladığımız sahələrin hamısı, incəsənətin müxtəlif sahələri məhz insanların içində olan vəhşi hissləri öldürmək və onları sivil bir fərd, şəxsiyyət olaraq formalaşdıraraq cəmiyyətin inkişafına, dövlətin, ölkənin qabağa getməsinə təsir edir. Əgər gənclər kitab oxumursa, teatra, muzeyə getmirsə, oradakı insanları görmürsə, təmas qurmursa, sosial mədəni məişət səviyyəsində bir-biri ilə tanış olmurlarsa, evlənmək üçün harada tərəfdaş tapa bilərlər və yaxud yeniyetmələr bir-biri ilə harada dost, rəfiqə tapa bilərlər? Bu, çox önəmlidir”.
Müsahibimiz qeyd edib ki, bu gün teatrla yanaşı modern teatr səhnə əsərlərinin tamaşaya qoyulmasını tələb etməliyik və bunun internet, yəni elektron virtual variantı olmalıdır:
"Kinolarla yanaşı, "Youtube" da və digər portallarda izlənə biləcək seriallar, filmlər inkişaf etməlidir. Bizim müğənnilərin internet səhifələri olmalıdır və s. İnsanların alternativ seçim imkanı olmalıdır. Amma əlbəttə ki, real konsert salonları, teatr səhnələrində baxışlar və yaxud muzeylərə gedib nəyi isə nümayiş etdirilən, bizim tariximizi əks etdirən dəyərlərə canlı baxmaq daha önəmlidir, daha çox enerji verir. Paralel olaraq hər ikisi olmalıdır. İnsan durmadan öyrənməli, estetik zövqünü, öz mədəni, sivil səviyyəsini durmadan qaldırmalıdır. Ona görə də muzeylərin, kinoteatrların, teatrların, kitabxanaların açılması, əslində, Azərbaycan cəmiyyəti üçün böyük bir bayramdır".
Günay Rəsulqızı
Sfera.az






