Paytaxtın ən ucuz bazarı boşalır - FOTOLAR
Kateqoriya məlum deyil
Qiymət artımı ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri bazarlarda monitorinq apardıqlarını və nəticədə qiymət artımına rast gəlmədiklərini açıqlayırlar. Bir qrup iqtisadçı ekspertlər isə bəzi hallarda sahibkarların qiymətləri süni artırdığını və burada məqsədin yaranmış vəziyyətdən istifadə edib daha çox gəlir əldə etmək olduğunu bildirirlər.
Amma paytaxt bazarlarında bunun tam əksi müşahidə edilir. Satıcılar qiymət artımının olduğunu etiraf edirlər və alıcılar da bahalıqdan şikayətçidirlər.
Paytaxtın ən ucuz ticarət mərkəzi sayılan "8-ci kilometr" bazarında vəziyyət fərqli deyil. Digərlərindən fərqli olaraq, bu bazar adətən alıcı sarıdan heç vaxt korluq çəkməyib. Amma söhbət etdiyimiz satıcılar alıcılıq qabiliyyətinin zəif olmasından şikayət edirlər.
Sanitariya qaydaları kobud şəkildə pozulan bazarda şahidi olduq ki, piştaxtalar və obyektlər boşalır və həmin yerlərdə "icarəyə verilir" elanları asılıb.
Burada geyim və kənd təsərrüfatı məhsulları ilə yanaşı inşaat və tikinti materialları satılır. Satıcıların sözlərinə görə, müştərilər son zamanlar tikinti və məişət əşyalarını nisyə, ya da kreditlə almağa üstünlük verirlər.
"Bütün sahələrdə malların qiyməti qalxdı. Amma budəfəki qiymət artımı sürətlə davam etməkdədir". Bunu bizə söhbət etdiyimiz satıcı Araz İsmayılov bildirdi: "Demək olar ki, ölkəmiz yanacaq növləri istisna olmaqla məhsullar və materiallarla özünü təmin edə bilmir. Yanacaq da od qiymətinədir. Dünyada neftin qiyməti qalxanda hökumət yanacağın qiymətini qaldırdı, indi dünyada neftin qiyməti durmadan aşağı düşməkdədir, amma ölkədə yanacağın qiyməti ucuzlaşdırılmır.
Ölkəyə kənd təsərrüfatı, sənaye, tikinti məhsulları idxal olunur. Ona görə də qiymətlər bahadır, gün keçdikcə bahalaşacaq. Əksər banklar dollar satmaqdan imtina edirlər. Biz də xaricə gedəndə dollar alıb gedirik. Məsələ burasındadır ki, ölkədə hazırda dollar qıtlığı müşahidə olunur. Hər gün də dolların qiyməti qalxır. Amma Azərbaycan Mərkəzi Bankı saytında valyutaların qiymətini dəyişmir. Artıq dövlət təşkilatlarının statistikasına heç kim inanmır.
Etiraf edim ki, dünya iqtisadiyyatında baş verən durğunluq məhsul aldığımız ölkələrdə bir çox məhsulların qiymətini ucuzlaşdırıb. Amma Azərbaycanda dollar manata görə bahalaşdığı üçün biz satıcılar məhsulu ucuz verə bilmirik. Həm dolların bahalaşması, həm də danışma xərclərində qiymətin tez-tez dəyişməsi bazara çıxarılan məhsulların qiymətini qaldırır.
Davamlı olaraq bəzi müştərilərdən bunu eşidirik: "Məhsulu ucuz verin ki, tez satın, yenidən alıb satın, çox qazanın". Müştərilər bunu bizə bildirərkən bundan öncə dediklərimi nəzərə almırlar. Nəzərə almaq lazım ki, Azərbaycanda dollar sürətlə bahalaşır, daşınma xərcləri tez-tez artır. Ölkə iqtisadiyyatında, valyutasında stabillik olmadığı üçün sahibkarın risk etməsi intihar cəhid kimi anlaşılır. Odur ki, bazarlarda qiymət artımının səbəbkarını, günahkarını sahibkarlarda axtarmaq informasiyasızlığın və qorxaqlığın əlamətidir".
Həmsöhbətimiz olan satıcı Arazın sözlərinə görə, bazarda süni bahalaşma yoxdur: "Bəli, 1 manata satdığımız malı hazırda təxmini 1.50 manata satırıq. Deyə bilərsiniz ki, niyə köhnə məzənnə ilə aldığınız malı baha qiymətə satırsınız. Axı biz yenidən Türkiyədən, Çindən və Dubaydan mal idxal edərkən yeni məzənnə ilə alver edəcəyik. Biz fəaliyyətimizi-satışı məzənnəyə uyğunlaşdırmasaq, müflis olarıq. Biz malın satılmamasına razıyıq, nəinki müflis olmağımıza. Mən də daxil olmaqla əksər sahibkarların kredit borcu var. Bu il başlayandan hər həftənin bazar ertəsi günü bankdan bizi narahat edirlər. Biz neyləməliyik? Biz qiyməti artırmağa məcburuq. Buna görə niyə cərimələnməliyik? Lap bizi televiziya kanallarında göstərsinlər ki, bu sahibkarlar qiyməti qaldırır. Amma öncə dolların manata görə bahalaşmasından danışsınlar. Manatın dollara nisbətdə sürətlə ucuzlaşması səbəbindən ölkə iqtisadiyyatında böhran dərinləşməkdədir. Bu böhrandan çıxış yolu tapılmalıdır. Televiziya kanalı dedim yadıma bir ekspert düşdü, adını unutmuşam. Deməli, ötən il həmin ekspert il boyu açıqlama verirdi ki, ajiotaja ehtiyac yoxdur, ikinci devalvasiya olmayacaq. Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov da demişdi. Amma reallıq onların dediklərinin yalan olduğunu isbatladı. Hə, sözüm ondadır ki, həmin ekspert iki-üç gün öncə "2015-ci il Azərbaycan iqtisadiyyatı üçün uğurlu olmadı" deyərək açıqlama verdi. Yəni özü-özünü təkzib etdi. Televiziya kanallarına inam yoxdur. Qoy məni də göstərib desinlər ki, bu sahibkar qiymətləri süni qaldırır (gülür)".
Bazarda bir alıcı ilə söhbətləşmək imkanımız oldu. Söhbətdən belə anlaşıldı ki, onlar da bazardakı qiymətlərdən son dərəcə narazıdırlar.
İstehlakçı Elgün Qarayev bildirdi ki, əhalinin gündəlik tələbatı olan ərzaq mallarının qiymətinin qalxması, bunun qarşılığında əməkhaqqının stabil qalması onların yaşayışını çətinləşdirib: "Ötən ilin bu vaxtı, qiymət artımı olurdu. O zaman satıcılardan bunun səbəbini soruşanda piştaxtalardakı məhsulların mövsümi olmaması ilə bağlayırdılar. İndi isə bahalaşmanı dolların məzənnəsi ilə bağlayırlar. Almasam da, ərzaq, geyim məhsullarının və tikinti materiallarının qiymətlərilə maraqlandım. Qiymətlər yüksəkdir. Satıcılar "inanın ki, qiymətlərin yüksək olmasında biz satıcıların günahı yoxdur. Malı baha almağımız məcbur edir ki, baha da sataq. Biz də çörəkpulu üçün buradayıq. Qiymətlərin qalxması bizim də marağımızda deyil" dedilər. Satıcılar alıcılıq qabiliyyətinin aşağı olmasından şikayətçidirlər".
Sonda onu da vurğulayaq ki, söhbət etdiyimiz satıcılar dükanlara malın sonuncu dəfə ötən ilin dekabr ayının ortalarında gətirildiyini bildiriblər. İkinci devalvasiyadan sonra onlar ölkəyə məhsul idxal etmədiklərini dedilər.
Bazarın qarşısında dayan taksi sürücüləri də gediş haqlarının artdığını etiraf etdilər.
"Bəli, istifadə etdiyimiz yanacağın qiyməti qalxmayıb, amma gündəlik tələbat mallarının və ehtiyat hissələrinin qiyməti qalxıb. Biz də bu tələbləri qarşılamaq üçün göstərdiyimiz xidmətin qiymətini qaldırdıq",-deyə taksi sürücüsü bildirdi.

















