Logo

Azərbaycanda adambaşına düşən mənzil sahəsi nə qədərdir?

Azərbaycanda adambaşına düşən mənzil sahəsi nə qədərdir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
2020-ci ilin yekunlarına əsasən, Azərbaycan vətəndaşlarının adambaşına düşən ümumi yaşayış sahəsi 19,8 kvadrat metr, otaqların sahəsi 13,2 kvadrat metr olub. Bir il əvvəlki dövrlə müqayisədə adambaşına düşən ümumi yaşayış sahəsi 0,4 kvadrat metr, otaqların sahəsi isə 0,2 kvadrat metr artıb. 

Sfera.az rəsmi məlumatlara istinadən bildirir ki, ötən ilin sonunda mənzil fondunun ümumi sahəsi 198,3 milyon kvadrat metrə, otaqların sahəsi 132,4 milyon kvadrat metrə yüksəlib. Son bir ildə mənzil fondu 5,4 milyon kvadrat metr (2,8 faiz), otaqlarım sahəsi isə 3,3 milyon kvadrat metr (1,71 faiz) böyüyüb.

Qeyd edək ki, ümumi yaşayış sahəsinə otaqlarla bərabər, mənzilin hüdudlarında yerləşən mətbəx, giriş və mənzildaxili dəhlizlər, vanna və duş otaqları, anbarlar, quraşdırma şkaflar,  bundan başqa yaşayış yeri yataqxanadırsa, mədəni-məişət təyinatlı və tibbi xidmət otaqları da daxildir.

Rəsmi məlumatlar göstərir ki, Azərbaycanda adambaşına düşən yaşayış sahəsi minimum istehlak normalarından böyükdür. Minimum istehlak səbətinin tərkibi haqqında Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, adambaşına düşən ümumi mənzil sahəsi 12 kvadrat metrdən az olmamalıdır. Ölkəmizdə yaşayış fondu bu tələbə 2000-ci ildən əvvəl uyğunlaşıb. 2001-ci ildə adambaşına düşən ümumi mənzil sahəsi 14,6 kvadrat metrə, otaqların sahəsi 9,6 kvadrat metrə yüksəlib.

Azərbaycanda adambaşına düşən ən böyük mənzil sahəsi Abşeron rayonundadır. Burada adambaşına 45,3 kvadrat metr yaşayış sahəsi, 31,9 kvadrat metr otaq sahəsi düşür. Naxçıvan Muxtar Respublikasında da göstərici yaxşıdır. Naxçıvanda adambaşına 30,3 kvadrat metr yaşayış, 22,1 kvadrat metr otaq sahəsi var.

Paytaxtda da vəziyyət respublika üzrə orta göstəricidən yaxşıdır. Bakıda hər nəfərə düşən yaşayış sahəsi 22,1 kvadrat metr, otaq sahəsi 14,3 kvadrat metrdir.

Rəsmi statistika göstərir ki, işğal edilən rayonlar istisna olmaqla digər yaşayış məntəqələrində adambaşına düşən sahə minimum istehlak normasından az deyil. Bununla belə bəzi şəhər və rayonlarda göstəricilər minimum səviyyəyə yaxındır. Ümumi yaşayış sahəsi Lerikdə 12, Daşkəsəndə 12,3, Zərdabda 14,7, Ağsuda 15,8, Astarada 16,1, Qobustanda 16,3 kvadrat metrdir.

Azərbaycanın böyük şəhərlərindən Sumqayıtda mənzil fondunun kiçik olması diqqəti cəlb edir. Ölkəmizin ikinci ən böyük şəhərində adambaşına mənzil sahəsi 14,2 kvadrat metrdir. Adambaşına düşən mənzil sahəsi üçüncü ən böyük şəhər olan Gəncədə 20,2, Mingəçevirdə 16,6, Şirvanda 20,9, Naftalanda 18,1 kvadrat metrdir.

Azərbaycanda adambaşına düşən mənzil sahəsi həm MDB, həm də inkişaf etmiş ölkələrlə müqayisədə azdır. Rusiyada adambaşına mənzil sahəsi 26, Ukraynada 28, Qazaxıstanda 20,2, Belorusiyada 20 kvadrat metr təşkil edir. İnkişaf etmiş ölkələrdə göstərici daha yüksəkdir. Kanadada 75, ABŞ-da 70, Fransa və Almaniyada 40 kvadrat metr yaşayış sahəsi düşür.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR